Bu addım iqtisadi yüksəlişə təsir edəcək


Baxıldı : 197

Tarix : 2016-04-08 04:32:00


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, xarici valyuta ilə istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və bununla bağlı göstərişlər kredit təşkilatlarına bildirilib. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır. Məsələ ilə bağlı suallarımızı cavablandıran İJS hüquq firmasının sədri, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov alınan bu qərarı müsbət addım kimi qiymətləndirib. O, qeyd edib ki, hələ ötən il birinci devalvasiyadan sonra xarici valyuta ilə kredit verilişində banklara azadlıq verilməsi Milli Bankın kredit təşkilatları üzərində nəzarəti itirməsinə gətirib çıxardı: \ Qanundakı boşluqdan istifadə edən kommersiya bankları Mərkəzi Bankdan manatla kredit götürərək dərhal ABŞ valyutasına çevirirdilər və əhaliyə də elə həmin valyuta ilə kredit təklif edirdilər. Devalvasiyadan sonra hətta bir çox kredit təşkilatının milli valyutadan imtina etməsi ikinci devalvasiyanı labüd etdi. Bununla da bank iqtisadiyyatında dollarlaşma prosesi gücləndi. Bankların daha çox qazanc əldə etmək üçün bu fəaliyyəti dolların bahalaşması və problemli kreditlərin miqdarının da artması ilə bankları çətin vəziyyətə saldı. Hazırkı qadağa istehlak kreditinə şamil olunub və bildiyimiz kimi, müştəri aldığı pulu ölkə daxilində xərcləyir. Buna görə də dollarla kredit almaq ona sərf etmir. Aldığı kreditdən qazancı azalır, manatın ucuzlaşması ilə ödənişində problemlər ortaya çıxır. İri sahibkarlara verilən kreditlərdə bu qadağa tətbiq olunmayıb. Palata dollarla kredit verilişini bir aylıq dayandırıb. Düşünürəm ki, bu prosesin davamlı olunması üçün qərarlar alınacaq\ .Ə.Həsənov qərarın dollar-manat münasibətlərinə təsirindən danışıb. O, bildirib ki, bunu eyni zamanda manatın möhkəmləndirilməsi yönündə atılan mühüm bir addım kimi görmək olar: \ Ölkədə gedən dollarlaşma prosesi milli valyuta ehtiyatının azalmasına gətirib çıxarmışdı. Bundan sonra kredit sisteminin manatla həyata keçirilməsi manata olan ehtiyacı artıracaq və manat dəyər qazanmış olacaq. Bundan başqa, iqtisadiyyatın inkişafı üçün də bu addımı yüksək qiymətləndirmək olar. Mərkəzi Bank da kommersiya banklarına manatla krediti artırmalıdır. Bu halda milli valyuta qıtlığı aradan qalxar, daxili iqtisadiyyat inkişaf etmiş olar\ .Problemli kreditlərin artması məsələsinə toxunan Əkrəm müəllim bildirib ki, devalvasiyadan sonra borcluyla kredit təşkilatları arasında anlaşılmazlıqlar ortaya çıxıb: \ Müştərilər nəinki bir hissəsini ödəmək, ümumiyyətlə, hər hansı ödənişdən boyun qaçırır, güzəşt olunmasını istəyirlər. Bu yöndə dövlətdən hər hansı bir addımın atılmasını gözləmək əbəsdir. Büdcə gəlirlərinin azaldığı bir vaxtda dövlət yaranan kəsrlərə görə ödəniş etməməlidir. Burada güzəşti müştəriyə banklar təklif etməli, razılaşma əldə edərək ödənişin davamlılığını təmin etməlidirlər. Dövlət isə müştəriyə güzəşt olunacağı təqdirdə bankı bir sıra vergilərdən azad edə, yaxud zərərin bir hissəsini kompensasiya edə bilər\ .Cavid SƏFƏROV