Bu eynəklərdən istifadə xəstəlik yaradır


Baxıldı : 404

Tarix : 2018-07-07 00:10:42


Yay mövsümünün gəlməsi ilə ticarət obyektlərində, eləcə də səyyar şəkildə gün eynəklərinin satışı artmaqdadır. Böyüklü-kiçikli hər kəs gözlərini günəşin zərərli ultrabənövşəyi şüalarından  qorumaq üçün gün eynəyinə ehtiyac duyur. Lakin əksəriyyət ya imkansızlıqdan, ya da bilməyərək tibbi baxımdan standartlara cavab verməyən, ucuz və keyfiyyətsiz gün eynəklərindən istifadə edir. Bu da tədricən gözlərimizə mənfi təsir göstərir.

Bəs eynək seçərkən gözün mühafizəsi üçün nələrə diqqət edilməlidir? Keyfiyyətli gün eynəyi necə olmalıdır?

Mövzu ilə bağlı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Humay Bayramovaya müraciət etdik. Həkim-oftalmoloq bildirdi ki, yayda ultrabənövşəyi şüaların miqdarı qışa nisbətən üç dəfə artdığı üçün gün eynəklərindən istifadə zəruridir. Lakin gün eynəyini seçərkən əmin olmalıyıq ki, onun ultrabənövşəyi şüaların qarşısını almaq özəlliyi var: “Belə özəlliyi olmayan eynək, sadəcə, işığın çox hissəsinin gözə keçməsinin  qarşısını alır. Bunun isə heç bir faydası yoxdur, əksinə, gözə zərər verir. Belə ki, rəngli şüşə taxılanda göz bəbəyi genəlir və zərərli ultrabənövşəyi şüalar göz içinə bol miqdarda düşür. Bu da gözdə  katarakta, sarı nöqtə və  müxtəlif göz xəstəliklərinin yaranmasına  səbəb olur. Odur ki, eynəklərin sertifikatlı və keyfiyyətli olması önəmlidir.

Burada digər amil isə çərçivələrin seçilməsidir. Zərərli şüalardan qorunmaq üçün çərçivənin ətrafından gözə işıq minimum səviyyədə düşməlidir. Bu səbəbdən çərçivənin gözə yerləşimli, şüşənin rənginin homogen (hər tərəfdə eyni) və üzərində etibarlı qeydiyyat məlumatının olması mütləqdir”.

Səhiyyə eksperti Adil Qeybulla isə  qeyd etdi ki, insanlar imkan daxilində ucuz və keyfiyyətsiz gün eynəklərindən istifadə etməməlidir. Təəssüflər olsun ki, indi qeyri-standart şəkildə hazırlanmış eynəklər satışda boldur və bu həm böyüklərin, ən əsası da uşaqların görmə qabiliyyətini zəiflədir.  Bu eynəklərin  şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Buna görə də onlar  orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur. Eynək alarkən diqqət etməliyik ki, sertifikatı olsun. Sertifikatda eynəyin günəş şüalarını 99-100 faiz blok etməsi qeyd edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  ölkədə illərdir gün eynəklərinin harada və necə gəldi satıldığını dedi: “Həqiqətdir ki, sertifikatlaşdırılmayan, heç bir yoxlamadan keçməyən, harada və necə gəldi satılan, müxtəlif ölkələrdən gətirilən gün eynəkləri insanların görmə qabiliyyətini zəiflədir. Bunun qaşısının alınması üçün qanun qəbul olunarsa, normal diaqnozun qoyulması, seçimin olması üçün paralel həkim kadrlar hazırlanmalı, avadanlıqlar gətirilməlidir”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev də etiraf etdi ki, hazırda satışda olan gün eynəklərinin böyük əksəriyyəti sağlamlıq üçün zərərlidir.  Bununla bağlı qanun layihəsi hazırlanacaq. O qeyd edib ki, layihəyə əsasən, eynək satılan mağazalarda həkim mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub-olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq.

Əsli ƏHMƏDOVA