“Bu gün Azərbaycan hüquqi, demokratik, bütün dünyaya açıq olan bir dövlət qurur"


Baxıldı : 73

Tarix : 2017-09-16 01:14:29


Sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) VIII qurultayı olub. Qurultayın işində MDB ölkələrinin həmkarlar ittifaqı birliklərindən, beynəlxalq həmkarlar ittifaqı mərkəzlərindən 131 nümayəndə, həmçinin hökumət, işəgötürənlər təşkilatlarından qonaqlar iştirak edib. Qurultayı Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının  sədri Mixail Şmakov açıb.

 

Sonra ÜHİK-in baş katibi Vladimir Şerbakov hesabat məruzəsi ilə çıxış edib. O, qurumun qurultaylararası dövrdəki fəaliyyətini təhlil edib, əldə olunan uğurları və üzləşdikləri problemləri diqqətə çatdırdı. Dedi ki, regionun bir sıra ölkələrində ictimai-siyasi vəziyyət stabil deyil. Əksər ölkələrdə iqtisadiyyatın artım sürətinin azalması müşahidə olunur. Rusiyaya qarşı düşünülmüş şəkildə tətbiq olunan iqtisadi sanksiyaların get-gedə sərtləşdirilməsi regionun digər ölkələrinə də mənfi təsir göstərir.

Kapital həm milli, həm də beynəlxalq arena çərçivəsində insan hüquq və maraqlarına hücumu genişləndirir. Bu da sosial sahədə əldə olunmuş uğurlu nəticələrin məhvinə yol açır. Sosial bərabərsizlik dərinləşir. Varlılar gəlirlərini çoxaldır, kasıblar daha dözülməz hala düşürlər. Həmkarlar ittifaqlarına, onun liderlərinə göstərilən təsirlərin yeni-yeni formaları icad olunur və tətbiq edilir.

Məruzəçi dedi ki, işçilərin maraqlarının qorunması üçün əvvəllər uğurlu sayılan fəaliyyət mexanizmi və formalarına bu günün tələbləri nəzərə alınmaqla yenidən baxılmalıdır.

Hesabat məruzəsində üzv təşkilatlar qarşısında duran vəzifələr və onların həyata keçirilməsi üçün atılacaq addımlar barədə də danışdı. Bildirdi ki, həmkarlar ittifaqı, kütləviliyini, unikal tarixi təcrübəsini, möhkəm və dinamik struktura malik olduğunu nəzərə alsaq, vətəndaş cəmiyyətinin ən təsirli təşkilatlarından biri olmaq baxımından bütün əsas və imkanlara malikdir. Ötən beş ildə həmkarlar ittifaqları bu məqsədə bir çox cəhətdən yaxınlaşmışdır.

Hesabat məruzəsi ətrafında çıxışlar dinlənildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, BHİK-in və PARŞ-ın vitse-prezidenti Səttar Möhbalıyev çıxış edərək ÜHİK-in üzv qurumlarla əlaqələrini yüksək qiymətləndirdi. Diqqətə çatdırdı ki, hesabat dövründə ÜHİK  Azərbaycanda muzdlu işçilərin sosial-iqtisadi maraqlarının müdafiəsi, qeyri-formal iqtisadiyyat, əmək miqrasiyası, həmkarlar ittifaqlarında innovasiya, əməyin mühafizəsi, pensiya təminatı və sosial tərəfdaşlıq məsələlərini öyrənib araşdırıb. Bu araşdırmaların nəticələri iki dəfə ÜHİK-in Şurasında və İcraiyyə Komitəsində müzakirə olunub. 

S.Möhbalıyev ÜHİK-in MDB Parlamentlərarası Assambleyasındakı fəaliyyətini xüsusi olaraq vurğulayıb. Deyib ki, ÜHİK Assambleyada faktiki olaraq qanunvericilik təşəbbüsü hüququna malikdir.  MDB Parlamentlərarası Assambleyasının qəbul etdiyi  normativ sənədlər içərisində sosialyönümlü model qanunların dörddə biri  ÜHİK-in təşəbbüsü və bilavasitə iştirakı ilə işlənib hazırlanıb. ÜHİK-in Parlamentlərarası Assambleyası vasitəsilə  Beynəlxalq Əmək Təşkilatının (BƏT) muzdlu işçilər və həmkarlar ittifaqları üçün əhəmiyyət daşıyan 11 Konvensiyasının MDB ölkələri parlamentləri tərəfindən ratifikasiya edilməsi  təşəbbüsünə biz böyük dəstək vermişik. Azərbaycanda bu proses müvəffəqiyyətlə həyata keçirilir. Milli Məclis tərəfindən BƏT-in 11 Konvensiyasından  altısı artıq ratifikasiya olunub. İkisi isə Baş Kollektiv Sazişə müvafiq olaraq iki il ərzində ratifikasiya ediləcək.

AHİK sədri hələ də həllini tapmamış bir sıra problemlərə, o cümlədən də əmək miqrantlarının hüquqlarının qorunması məsələsinə toxundu. Dedi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  bu problemi  həmyerlilərimiz işlədiyi ölkələrin həmkarlar ittifaqı mərkəzləri ilə ikitərəfli müqavilələr bağlamaqla həll etməyə çalışırıq. Bizim bir neçə sahə həmkarlar ittifaqı Rusiya, Özbəkistan, Qazaxıstan, Serbiya, Bosniya və Herseqovina həmkarlar ittifaqları ilə belə müqavilələr imzalayıb. Milli səviyyədə belə müqavilələr Rusiya, Gürcüstan, Türkiyə və Ukrayna, Tacikistan, Qazaxıstan, Özbəkistan həmkarlar ittifaqı mərkəzləri ilə imzalanıb. ÜHİK-in dəstəyi ilə Yekaterinburqda Sverdlovsk Vilayəti Həmkarlar İttifaqları Federasiyası və AHİK arasında əmək miqrantlarının hüquqlarının müdafiəsi sahəsində, daha sonra isə çoxlu sayda həmvətənlərimizin yaşadığı Həştərxan Vilayəti Həmkarlar İttifaqı Mərkəzi ilə müqavilələr bağlanıb.

 "Bu gün Azərbaycan hüquqi, demokratik bütün dünyaya açıq olan bir dövlət qurur" deyən AHİK sədri diqqətə çatdırıb ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2018-ci ilin fevralında özünün növbəti  V qurultayına hazırlaşır. Bu qurultaya biz üzv təşkilatlarımızın fəal mövqeyi, möhkəm sosialyönümlü qanunverici baza ilə gedirik.

Qurultayda təşkilati məsələlərə baxıldı. Mixail Şmakov Konfederasiyanın prezidenti, Viktor Korkyuşin vitse-prezident vəzifəsinə seçildilər.

Sonra ÜHİK-in Şurasının tərkibi formalaşdırıldı. Qurumun baş katibi vəzifəsinə yenidən Vladimir Şerbakovun namizədliyi irəli sürüldü və yekdilliklə dəstəkləndi.

ÜHİK-in VIII qurultayında AHİK sədrinin müavini Aqil Dadaşov da iştirak edib.