“Bu gün hamımıza məlumdur ki, həmkarlar ittifaqı işinin təşkili xeyli dərəcədə güclü kadrların hazırlanmasından asılıdır


Baxıldı : 38

Tarix : 2018-01-05 23:33:26


 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının həmkarlar ittifaqı kadrlarının ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Raziyyə Maniyeva bildirib ki, akademiyada bu vəzifəni xüsusi şöbə yerinə yetirir və burada həmkarlar ittifaqının aparat işçiləri, sədr və fəallarının bütün kateqoriyaları üzrə ixtisaslarının artırılması həyata keçirilir. Tədris kursları 3, 5, 10 günlük təşkil olunur.

Dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən söylənən mühazirələrin dialoq, diskussiya formasında qurulması və interaktiv metodlardan istifadə məşğələlərin müvəffəqiyyətini daha da artırıb.

R.Maniyeva deyib ki, keçən qurultaydan ötən müddət ərzində hər il müxtəlif mövzularda kurslar təşkil olunub. 2013-cü ildə müvafiq olaraq 417 nəfər üçün 31 kurs və təlimlər təşkil olunub. Gənclər  Şurasının sədrləri üçün 2 günlük treninq keçirilib. "Həmkarlar ittifaqlarının lideri formalaşmasında psixoloji aspektlərin təsiri" və "Həmkarlar ittifaqı üzvlüyünün motivasiyası" mövzularında keçirilən təlimlərdə 25 nəfər iştirak edib.

2014-cü ildə respublika həmkarlar ittifaqı Gənclər Şurasının sədrləri üçün 3 günlük seminar keçirilib. Seminarda həm müəssisə həmkarlar ittifaqı təşkilatları, həm də ali məktəb həmkarlar ittifaqı təşkilatları sədrlərindən ibarət 30 nəfər iştirak edib. Seminarın proqramına Azərbaycan gəncləri üçün aktual olan məsələlər daxil edilib.

Həmkarlar ittifaqı hərəkatında gənclərin motivasiyasına xüsusi qiymət verilir. 2015-ci ildə "Gənclərlə işin əsasları" və "Həmkarlar ittifaqları və gənclər" mövzularında keçirilən təlimlərə 55 nəfər cəlb olunub. Həmkarlar ittifaqı təşkilatının sədrləri, gənclərlə iş üzrə mütəxəssislər, komissiya sədrləri üçün 5 günlük kurs  keçirilib.

2016-cı ildə təşkil olunan "Gənclərin sosial-hüquqi problemləri və həmkarlar ittifaqları: mövcud vəziyyət və onların həlli yolları" adlı treninqlərə gənc həmkarlar ittifaqı liderləri dəvət edilib. Təlimlərdə 50 nəfər iştirak edib.  Kurslara mühazirəçi qismində nazirlik və digər dövlət qurumlarının mütəxəssisləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və məsul işçiləri cəlb olunub. İlk dəfə seçilmiş gənc həmkarlar ittifaqı liderləri üçün isə 3 aylıq kurs keçirilib. Burada həmkarlar ittifaqı hərəkatının  aktual problemlərinin  öyrənilməsi yolları araşdırılıb. Kurslarda 25 nəfər iştirak edib.

2017-ci ildə  "Həmkarlar ittifaqlarının  təşkilati strukturu, fəaliyyətinin əsas istiqamətləri" mövzusunda 5 günlük kurslar  keçirilib. Kurslarda ictimai əsaslarla işləyən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər. 84 nəfər dinləyicidən 50 nəfəri gənc həmkarlar ittifaqı lideri olub. Təlim proqramında əsas diqqət həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə tanışlığa, həmkarlar ittifaqı işinin aktual problemləri üzrə praktik məşğələlərə və testlərə verilib.

Azər MUSTAFAYEV