Bu heyvanlar 18 saatdan sonra kəsilməlidir


Baxıldı : 119

Tarix : 2017-03-10 22:45:56


Ötən il ərzində baytarlıq-sanitariya tələblərini pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə uyğun olaraq 174 inzibati xəta haqqında protokol tərtib olunub. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, kəsim üçün nəzərdə tutulan heyvanların mağaza və ya ticarət mərkəzlərinin yanında kəsilməsi qanunsuz hesab edilir.

Y.Xanvəli qeyd edib ki, heyvanların kəsilməsi üçün mütləq qapalı şərait olmalıdır. Burada isə əraziyə kafel vurulmalı, axar su olmalıdır: "Heyvanların açıq şəraitdə kəsilməsi tam qadağandır".

Y.Xanvəli əlavə edib ki, kəsim üçün nəzərdə tutulan heyvanlar baytarlıq müayinəsindən keçməlidir: “Bu müayinə nəticəsində heyvanın sağlam olması və onun haradan gətirilməsi haqqında arayış verilməlidir. Heyvan satış və ya kəsim məntəqəsinə gətirildikdən sonra orada yenidən yoxlanılmalı, bir daha kliniki baxışdan keçirilməli, yəni heyvanın sağlam olub-olmamasını müəyyən etmək üçün onun kənardan duruşuna, hərəkətinə nəzarət edilməlidir.

Bundan sonra isə heyvanın kəsilməsinə icazə verilməlidir. Kəsildikdən sonra kəsim məntəqəsində heyvanın orqanoloptik müayinəsi aparılır, yəni ayrı-ayrı limfa düyünlərindən nümunələr götürülür və müayinə avadanlıqlarında yoxlanılır. Müayinə bitdikdən sonra onun satışına icazə verilir".

Y.Xanvəli bildirib ki, satış məqsədilə uzaq məsafədən gətirilən heyvan 18 saatdan sonra kəsilməlidir: "Həmin müddətdə o, istirahət edərək yorğunluğunu çıxarmalıdır. Ondan sonra yoxlanılmalı və kliniki baxışdan keçirilməlidir".

Kəsim məntəqələrinin hamısının özəl olduğunu deyən Dövlət Xidmətinin rəsmisi bildirib ki, heyvanların qeyd edilən formada kəsilməsi üçün DBNX tərəfindən tədbirlər görülür.

Xidmətin rəsmisi əlavə edib ki, baytarlıq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə, yəni baytarlıq baxışından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən, heyvanları ticarət üçün xüsusi ayrılmış yerlərdə kəsməyən, heyvan mənşəli məhsulların baytarlıq, baytarlıq-sanitariya ekspertizası aparılmadan onu satan və istehsal edən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimələnirlər.

Aliyə SƏMƏDOVA