Bu idman növlərinin kütləviliyinin artırılmasına öz töhfəsini verib


Baxıldı : 246

Tarix : 2018-02-03 22:20:21


Ölkəmizdə peşəkar idmançıların yetişməsində mühüm xidmətləri olan “Pəhləvan” Respublika İdman Klubu İctimai Birliyi də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxildir.

Burada sərbəst və yunan-Roma güləşi, sambo kimi idman bölmələri fəaliyyət göstərir. İdman Klubunun (İK) sədri İsmayıl Əliyevdir. İsmayıl müəllim klubun tarixi, fəaliyyəti  haqqında məlumat verdikdən sonra 2017-ci ilin də uğurlu nəticələrlə yadda qaldığını bildirib: “Klubun yetirmələri geridə qalan il ərzində uğurlu çıxışları ilə fərqləniblər. İdman ocağının yunan-Roma güləşçisi Şəmistan Quluzadə (75 kq.) ötən il Azərbaycan çempionatında üçüncü yeri tutub. Klubun digər yunan-Roma güləşçisi Elmir Əliyev yanvarın 14-15-də Bakıda keçirilən güləş üzrə beynəlxalq turnirin çempionu adına layiq görülüb. Klubun aparıcı idmançısı Cavid Feyziyev fevralın 23-25-də güləş üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyində və dekabr ayında isə böyüklər arasında Azərbaycan çempionatında qızıl medala sahib olub. Perspektivli idmançı aprel ayında keçirilən AGF kubokunda da birinci yeri tutub. Elə həmin ay keçirilən güləş üzrə Azərbaycan birinciliyi də idman ocağının komandası üçün uğurlu olub. “Pəhləvan” İK-in yetirməsi Elmir Əliyev üçüncü yerə sahib çıxıb. Elmir Əliyev İranda təşkil olunan beynəlxalq turnirdə daha uğurla yarışaraq ölkəmizə qızıl medal qazandırıb. Noyabrın 25-26-da təşkil olunan respublika turnirində klubun yunan-Roma güləşçilərindən Emin Cavadlı (26 kq.) ikinci, Məhəmməd Qasımzadə (35 kq.) üçüncü olublar. Yeniyetmələr arasında keçirilən ölkə birinciliyində isə klubun yetirmələrindən Orxan Soltanlı (32 kq.) və Məhəmməd Qasımzadə (35 kq.) bürünc medala layiq görülüblər.

“Pəhləvan” İK-in sərbəst güləşçiləri də qazandıqları uğurları ilə yunan-Roma güləşçilərindən geri qalmayıblar. İdman ocağının pəhləvanlarından Cavid Sadıqov AGF kubokunda üçüncü yerə sahib çıxıb. Klubun digər sərbəst güləşçisi Adəm Cəlilov Azərbaycan çempionatının gümüş medalına yiyələnib.

Klubun samboçuları da ötən ili uğurlu nəticələrlə başa vurmağa müvəffəq olublar. Yeniyetmələr arasında təşkil olunan Azərbaycan birinciliyində idman ocağının samboçusu Səməd Əliyev 48 kq. çəki dərəcəsində ikinci yeri tutub. Gənclərin Azərbaycan çempionatında Zöhrab Qurbanov (82 kq.)  ikinci, Şakir İsmayılov (52 kq.) isə üçüncü yerə layiq görülüblər. Sambo üzrə keçirilən Azərbaycan kubokunda klubun təcrübəli idmançısı Məhərrəm Zeynalov (100 kq.) isə aktivinə bürünc medal yazdırıb.

İdmançılarımız beynəlxalq turnirlərdə, respublika və Bakı birinciliklərində iştirak edərək uğurlu nəticələr əldə ediblər. Yetirmələrimiz, demək olar ki, ötən il ölkədaxili yarışların hər birində qüvvələrini sınayıblar”.

İ.Əliyev deyib ki, klubda üç idman növü üzrə 521 yeniyetmə və gənc idmanın sirlərinə yiyələnir.Onlarla ümumilikdə 17-dən çox məşqçi-müəllim məşğul olur. Məşqçilərimizdən Akif Əliyev (yunan-Roma güləşi), Ruslan Şamilov (sərbəst güləş), Mübariz İbrahimov (sambo) Əməkdar məşqçi adına layiq görülüblər. Məşqçilər idmançıların fiziki, texniki, taktiki hazırlıqlarının artırılmasında böyük səy göstəririlər. Kluba, əsasnaməyə görə, 10 yaşından yuxarı uşaqlar cəlb olunurlar. Bəzi hallarda fiziki hazırlıqları yüksək olan istedadlı uşaqları 8-9 yaşlarından qəbul edirik. İdmançılarımız AHİTA-nın zalında, Binədə yerləşən 136 saylı orta məktəbin idman zalında və Sulutəpədə yerləşən zallarımızda məşğul olurlar. Vaxtilə klubda Yaqub Məmmədov, Vahid Məmmədov, Namiq Abdullayev, Nazim Hüseynov, Ceyhun Məmmədov kimi idmançılar məşğul olublar. Hansı ki, bu idmançılar Azərbaycanın fəxridirlər. Əsas məqsədimiz yenidən onlar kimi təcrübəli idmançılar yetişdirmək, həmçinin yeniyetmə və gənclərimizi sağlam idmana cəlb etməkdir.

“Pəhləvan” İdman Klubunun yetirmələri həm yerli, həm də beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələr qazanırlar. Klubun yetirməsi Cavid Feyziyev dünya birinciliyində 100 kq. çəki dərəcəsində II yeri tutub. O, 2014-cü ildən idman ustasıdır. Dünya və Avropa birinciliklərində mühüm uğurlara nail olan Kərim və Kənan Cəfərov qardaşları 2013-cü ilədək bu klubu təmsil ediblər.

Klubumuz hər il ənənəvi olaraq müxtəlif idman növləri üzrə açıq klub çempionatı təşkil edir. Keçirdiyimiz açıq birinciliklərdə paytaxtın 15-ə yaxın klub və cəmiyyətləri qüvvəsini sınayır. Hətta elə olur ki, bölgələri təmsil edən komandaların yetirmələri də bu yarışlarda bacarıqlarını nümayiş etdirirlər.

İsmayıl Əliyev vurğulayıb ki, qazanılan bu nəticələr idmançılara yüksək şəraitin yaradılması sayəsində mümkün olub: “Ölkəmizdə idman sahəsinə göstərilən dövlət qayğısı bizim klubu da əhatə edir. Yüksək nəticələr qazanmaq üçün lazımi şəraitimiz var. Məhz buna görədir ki, beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edə bilirik. Şübhəsiz ki, medal qazanmaq üçün idmançı və məşqçinin qarşılıqlı əlaqəsi, onlar arasında düzgün münasibətlərin qurulması çox vacibdir. İdmançı istənilən yarışa psixoloji cəhətdən hazır olmalı, məşq proqramlarının tələbinə əməl etməlidir.

Klubun sədri 2018-ci ilin də yetirmələri üçün uğurlu olacağına ümid edir: “Klubumuzun iki üzvü bu il Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma və sərbəst güləş növlərində qüvvələrini sınayacaqlar. İnanıram ki, pəhləvanlarımız bu yarışlarda da qələbələri ilə bizləri sevindirəcəklər”.

Azər MUSTAFAYEV