Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq


Baxıldı : 220

Tarix : 2018-04-21 02:18:22


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır”.

Bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib.

S. Müslümov vurğulayıb ki, 19 aprel 2018-ci il tarixli Fərman isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. “Məlum olduğu kimi, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı isə həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. Həmin kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq”, - deyə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən bildirib.

S.Müslümov deyib ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməklə, üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək: “Birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri (hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış) təqdim etmələri əsasında ödəniləcək.  Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək”.

Səlim Müslümov həmçinin digər məsələləri də diqqətə çatdırdı.