Bu konsepsiya hər hansı bir taksi fəaliyyətinin məhdudlaşdırılmasına hesablanmayıb


Baxıldı : 384

Tarix : 2020-09-11 16:18:36


Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə hazırladığı konsepsiya ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Konsepsiyada yer alan vahid tarif sisteminə keçidin təklifi insanların narazılığına səbəb oldu. Belə bir fikir formalaşdı ki, hazırda fəaliyyət göstərən taksi şirkətlərinin bazardan sıxışdırılaraq çıxarılması rəqabətin olmamasına və qiymətlərin artmasına səbəb olacaq.

Problemlə bağlı araşdırma apardıq. BNA-nın mətbuatla əlaqələr şöbəsinin müdiri Mais Ağayev müxbirinizə bildirdi ki, bu konsepsiya, sadəcə, təklif halında olan bir layihədir. Rəsmi hüquqi xarakter daşıyan hər hansı bir sənəd deyil: “Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, bəzi sosial şəbəkə qrupları tərəfindən qiymət artımı ilə bağlı məsələ yersiz qabardıldı. Qiymət burada prinsipial olaraq qoyulmamışdı, ümumiyyətlə, qiymətlərin vahid sistem halında olması BNA üçün də prinsipial bir məsələ deyil. Çünki qiymət bazar şərtlərinə uyğun olaraq tənzimlənir, yəni bazar özü tənzimləyir. Nə dərəcədə düzgün və ya səhv tənzimlənir, o artıq bizə aid olan məsələ deyil. Bu layihədə qiymətlərin yuxarı həddə götürülməsində əsas məqsəd sərnişinlərin rahat və təhlükəsiz taksi xidmətindən istifadəsinə şərait yaratmaqdır. Yenə qeyd edirəm, bu, hələ təklifdir. Təklif formasında ictimaiyyətə təqdim olunub, ictimaiyyətin, eyni zamanda vətəndaş cəmiyyətinin, mütəxəssislərin, ekspertlərin və bu sahədə ixtisaslaşmış qurumların rəy və təklifləri öyrəniləcək”.

M.Ağayev onu da qeyd etdi ki, bu konsepsiya hər hansı bir taksi fəaliyyətinin məhdudlaşdırılmasına hesablanmayıb. İstər fərdi taksiçilik, istər şirkət taksiləri, istərsə də “manatlıq” taksilər olsun, heç bir halda hansısa bir taksi fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz.

Aliyə SƏMƏDOVA