Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir “Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik”


Baxıldı : 172

Tarix : 2017-02-03 23:27:03


Yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı konfransda giriş nitqi söyləyib. O, bildirib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artmışdır. Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik. 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür.

Prezident deyib ki, keçən il bölgələrdə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişib. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu konfransı keçiririk. Əminəm ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə işlər haqqında fikir formalaşdırmağa imkan verəcək.

Ölkə başçısı qeyd edib ki, biz bu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atmışıq. Azərbaycanda kosmik sənaye yaradılıb. Bizim artıq iki peykimiz var. Bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri həyata keçirmişik.

Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik.

Bu gün isə bu təbii dəhliz əsasında yeni bir qlobal layihəni - Cənub Qaz Dəhlizini icra edirik.

Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq.

Prezident İlham Əliyev yekun nitqində bu il görüləcək işlərlə bağlı tapşırıqlarını verib. O, qeyd edib ki, infrastruktur layihələrinə aid olan məsələlər həllini tapmalıdır. "Azərişıq" bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir. Bu il "Azəriqaz" ən azı 80 kəndə qaz verməlidir. Qaz xətləri çəkilməlidir.

“Azəravtoyol" bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcək. Bununla bərabər, 40 kənd yolu layihəsi də icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Nəqliyyatla bağlı digər məsələ isə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirilməsidir. Bu il bu layihənin birinci mərhələsi başa çatmalıdır.

“Azərsu" ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Meliorasiya ilə bağlı çox böyük işlər görüləcək. Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir.

Ölkə başçısı görüləcək minimum işlərin həcmini diqqətə çatdıraraq deyib ki, bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır.

Bu il "Dövlətqaçqınkom"un xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Eyni zamanda, tapşırıq verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də bu il başlasın.

Dövlət başçısı qeyd edib ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. İndi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar. Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcəkdir. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır.

Prezident kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı bəzi rəqəmləri səsləndirərək idxaldan asılılığın maksimum dərəcədə azalması üçün öz tövsiyyələrini verib: “Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik.

Xüsusilə, Azərbaycanda yetişdirilən bütün bu məhsullar təbiidir və xaricdə onlar çox yüksək qiymətləndirilir.

Ölkə başçısı söyləyib ki, keçən il bütövlükdə inkişafla bağlı müxtəlif istiqamətlər üzrə strateji yol xəritələri qəbul edilib və orada hər şey göstərilib.

Prezident sənaye istehsalı ilə bağlı bildirib ki, sənaye zonalarının yaradılması prosesi gedir. Artıq bu sahədə işlər yoluna düşür, həm Sumqayıtda, həm də Mingəçevirdə sənaye zonalarının təməli qoyulubdur. Tikinti materialları ilə özümüzü təminetmə səviyyəmiz yaxşıdır. Düzdür, keçən il investisiya qoyuluşu aşağı düşdüyünə görə inşaat sektoruna daha da az vəsait yatırıldı. Ancaq bu, müvəqqəti bir məsələdir. Artıq görülən tədbirlər nəticəsində inşaat sektoruna ciddi təkan veriləcəkdir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə artıq birinci şəhərcik inşa edilməyə başlayıb. Orada 30-a yaxın binanın tikilməsi nəzərdə tutulur. Növbəti 1-2 il ərzində "Ağ şəhər"də 60 bina tikiləcəkdir. Bakı şəhərində köçürülmə yolu ilə icra ediləcək layihələrin sayı da 60-a yaxındır və onlarla fərdi qaydada yeni binalar tikilir. Yəni, inşaat sektoruna bunun çox böyük dəstəyi olacaqdır.

Dövlət başçısı nəzərə çatdırıb ki, bu il 42 min ictimai iş yeri açılacaq. Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçündür. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq. Həmçinin görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq.

Mən ixracla bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu yaxınlarda azexport portalı yaradıldı. Orada Azərbaycanda istehsal olunan ixracyönümlü bütün məhsullar qeyd edilir. Bütün istehsalçılar, - mən onlara da müraciət edirəm, - qoy öz məhsullarını həmin o portala daxil etsinlər, həm ictimaiyyət bunu görsün, həm də ki, bu, onların da xeyrinədir. Çünki onların ixrac potensialı artacaq.

Prezident İlham Əliyev bildirib ki, nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.

Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq.

Sağ olun.