Bu məzunların təhsilalma hüququ qorunmalıdır?!


Baxıldı : 1486

Tarix : 2020-08-21 15:55:59


Bu il bir neçə orta məktəb məzunu imtahanların keçirildiyi ərəfədə COVID-19 xəstəliyinə tutulduğuna görə, universitetlərə qəbul prosesində iştirak edə bilmədi. Dövlət İmtahan Mərkəzinin (DİM) ictimaiyyətə verdiyi məlumata əsasən, onlar üçün yenidən imtahan təşkil olunmayacaq.

DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bu addımın imtahanların tam təhlükəsiz şəraitdə keçirilməsi məqsədilə atıldığını bildirdi.

Əlavə etdi ki, indiyə qədər imtahanlarda qızdırma, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyən abituriyentlər sağlamlıq haqqında arayış təqdim etdikdən sonra  növbəti günlərin birində imtahana buraxılırdı. Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi və bu, imkan verirdi ki, bir imtahanda iştirak edə bilməyənlər növbəti imtahanda iştirak etsin. Lakin pandemiya şəraitinə görə, DİM-in hələ yanvar ayında elan etdiyi qrafikdə dəyişikliklər edildi və qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salındı. İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil.

Millət vəkili Fazil Mustafa müxbirinizlə söhbət zamanı dedi ki, belə məzunlara ayrıca özəl şərait yaratmaq lazımdır. Onların ali təhsil almaq hüququnu pozmaq olmaz. Onlardan imtahanı izalyasiya edilmiş otaqlarda götürmək olardı. Həmin şagirdlər sağaldıqdan  sonra imtahana  buraxılmadıqlarına görə psixoloji sarsıntı keçirəcəklər. Bu məsələ həllini tapmalıdır.

Təhsil üzrə mütəxəssislər də DİM-in bu qərarına haqq qazındırmadılar. Bildirdilər  ki, qanunvericiliyə əsasən, universitetə qəbul olmayan oğlanlar hərbi xidmətə çağırılırlar. Bu da həmin gənclərin ali məktəbə qəbul imkanlarını ən azı 2 il yubandırır. Digər tərəfdən, valideynlər daha bir il repititor, hazırlıq kurslarına əlavə pul ödəməli olacaqlar.

İmtahan prosesi oktyabra kimi davam edəcək. Ümid edirik ki, bu müddət ərzində həmin şəxslərə ən azı bir dəfə şans veriləcək. Məsələn, qızdırması olan və ya virusa yoluxan, lakin özünü imtahana hazır hiss edən məzunlar üçün Türkiyədə ayrıca otaqlarda, xüsusi şəraitdə imtahan təşkil edildi.

Ə.ƏHMƏDOVA