Bu sahəyə diqqət göstərilməlidir


Baxıldı : 126

Tarix : 2017-05-27 00:00:29


"Bizim təbii bulaqlarımız var. Keyfiyyətli mineral sular istehsal və ixrac etmək, öz brendimizlə xaricə çıxmaq üçün çox gözəl imkanlar var. Bu sahəyə də mütləq diqqət göstərilməlidir". Bunu Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib.

Mineral sular sahəsinin inkişafına dair görüləcək işlər və bu sahədə ixracın stimullaşdırılması üçün hansı addımlar atılmalıdır?

 İqtisadçı-ekspert Ruslan Atakişiyev qəzetimizə verdiyi müsahibədə bildirdi ki, Azərbaycanda  mineral suların istehsalı və ixracatı üçün kifayət qədər imkan və resurs var. Bu sahənin inkişaf etdirilməsi üçün dövlətin görəcəyi işlərdən biri sənaye müəssisələrinin tikilməsi və müvafiq infrastrukturun formalaşdırılmasıdır. Digər vacib məsələlərdən biri beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən yerli sahibkarların xarici ölkələrə təcrübə mübadiləsi üçün göndərilməsi, müxtəlif sərgilərdə iştirakı və yeni texnologiyaların yaxından öyrənilməsidir.

Ekspert hədəf bazarın araşdırılması və müəyyənləşdirilməsinin, azad bazarlar haqqında məlumatların toplanaraq yerli sahibkarlara bu barədə maarifləndirici biliklərin verilməsinin vacibliyini də vurğuladı.

R. Atakişiyev açıqlamasında qeyd etdi ki, istehsal olunan məhsulların beynəlxalq standartlara cavab verməsinə xüsusi diqqət yetirilməlidir.

"Bizi tanıyan bazarlarda möhkəmlənməyə ehtiyac var. Keyfiyyətli suların analoqu az olduğu üçün mineral sular bazarının inkişaf imkanları çox genişdir. Beləliklə, mineral suların ixrac olunması ölkəmizə müsbət töhfələr verə bilər. Xarici valyuta gətirilməsi və ən əsası bölgələrdə iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir",- deyə Ruslan Atakişiyev bildirdi.

Dünyada məşhur brendlərdən biri olan "Nestle" şirkəti 2015-ci ilin ilk rübü ilə bağlı dəqiqləşdirilmiş məlumatlar açıqlayıb, məşhur su markası olan "Perrier"in satışları 7 milyard dollar təşkil edib. Bu suyun dünyada ortalama satış qiyməti litri 2 dollar civarındadır. Ən çox satış olan ölkələr sırasında neftlə zəngin Ərəb ölkələridir. Ərəblər isə 1 barel (159 litr) nefti indi 43 dollara, yəni litrini 27 sentə satırlar. Amma mineral suyu "Nestle"dən litrini 2 dollara alırlar. Qonşu Gürcüstan mineral su ixracatından ildə 250-300 milyon dollara yaxın gəlir əldə edir.

Günel QULİYEVA