Bu torpaqlara həyat yenidən qayıdacaqdır


Baxıldı : 43

Tarix : 2020-11-20 20:49:36


 

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tütünçülükdür. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilirdi. Burada barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilirdi. İqtisadi rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. 
Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcəkdir. 
Ümumiyyətlə, 1988-1990-cı illərə qədər Qarabağ və ətraf rayonlar Azərbaycanın kənd təsərrüfatı sahəsində hansı paya malik idi? İşğaldan azad edilmiş ərazilərdə ənənəvi sahələrin inkişafı nəzərdə tutulubmu?
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə qəzetimizə müsahibəsində bildirib ki, işğaldan azad olunmuş ərazilərin 1988-1990-cı illərdə ümumi əkin sahəsində payı təqribən 8 faiz olub. Burada üzüm sahələrinin payı təxminən 25 faiz, tütün sahələrinin payı isə 12 faiz təşkil edib. Regionda inkişaf etmiş sahələrdən biri də heyvandarlıq idi. Buna görə yem məqsədilə taxıl sahələri ümumi əkin sahəsinin 14 faizini təşkil edirdi. Ölkə üzrə xırdabuynuzlu  heyvandarlığın 20 faizi, iribuynuzlu heyvandarlığın 16 faizi bu regiounun payına düşürdü. 
İşğaldan azad edilmiş rayonlarda ənənəvi sahələrin inkişafı nəzərdə tutulub və bununla bağlı plan hazırlanır. Ümumi əkin sahələrinin strukturu 8 faiz qalmaqla, burada üzümçülüyün və tütünçülüyün bərpası perspektivi var. Ağdamda və Füzilidə tərəvəzçilik və pambıqçılığın inkişaf etdirilməsi nəzərdə tutulur. Taxıl və yem bitkilərinin əkin sahəsi bərpa olacaq. Heyvandarlıqla bağlı proqnoz belədir ki, növbəti dövrdə bu regionda həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvandarlıq sahəsi təşəkkül tapacaq. Arıçılıq təsərrüfatı yenidən yaradılacaq. Bu region üçün spesifik olan baramaçılıq sahəsi də bərpa olunacaq. Bildiyiniz kimi, vaxtilə Xankəndidə barama emalı müəssisəsi fəaliyyət göstərirdi. 
Gələcək bərpa işləri ümumi infrastrukturun (yollar, qaz, su, elektrik enerjisi, rabitə) və ilkin yaşayış şəraitin qurulmasından başlayacaq. Sonrakı mərhələdə isə iqtisadi inkişaf layihələrinə keçiləcək.
Əlbəttə, bütün bu sahələrin bərpası məskunlaşma ilə paralel aparılacaq. Bu işlər yerli resurslar hesabına həyata keçiriləcək. Əhali orada məskunlaşdıqca ev təsərrüfatları qurulacaq. Həmçinin yerli şirkətlərin fəaliyyəti təmin olunacaq. Burada həmçinin emal müəssisələrinin də yaradılması nəzərdə tutulur.
Ümid edirik ki, öz potensialımız hesabına kənd təsərrüfatının və emal sənayesinin inkişafı təmin ediləcək.
Qeyd edək ki, Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük hissəsi) inzibati rayonları Ermənistan tərəfindən işğal olunduğu tarixdən bu günədək talan olunub. Regionun infrastrukturu yox səviyyəsindədir