Bu yaxınl...


Baxıldı : 407

Tarix : 2016-02-06 03:33:00


Bu yaxınlarda eşitdim ki, şəhidlərə verilən Prezident təqaüdünün də məbləği artırılıb. Həm də deyirlər ki, bu təqaüd bir ailədən neçə şəhid varsa, onların sayına uyğun olaraq verilir. Bu təqaüd təkcə 20 Yanvar şəhidlərinə verilir, ya bütün şəhidlərə aiddir? Xahiş edirəm, bu haqda məlumat verəsiniz.Zəfər MƏMMƏDOV,Bakı şəhəri.-\ Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün\ təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 19 dekabr 2006-cı ildə Fərman imzalayıb.Həmin fərmanın 1-ci hissəsində deyilir ki, \ Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında\ Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 (yüz) manat məbləğində \ Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü\ təsis edilsin.2007-ci ilin yanvarın 1-dən etibarən hər şəhid ailəsinə hər şəhidə görə 100 manat məbləğində verilən Prezident təqaüdü mütəmadi olaraq artırılır.16 yanvar 2016-cı ildə verilən fərmanla həmin təqaüd 01 fevral 2016-cı ildə artırılaraq 220 (iki yüz iyirmi) manata çatdırıldı.\ Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün\ təsis edilməsi haqqında fərmanın mətnindən göründüyü kimi, bu təqaüd təkcə 20 Yanvar şəhidlərinə yox, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda həlak olub şəhid adını alanların hamısına şamil olunur. Eyni zamanda bu təqaüd bir ailədən neçə şəhid varsa, onların hər biri üçün 220 manat verilir.2015-ci ilin noyabrından II qrup əlilliyə görə pensiyaya çıxmışam. Müəllimə işləyirəm. Aldığım əməkhaqqından başqa, əlilliyimə görə də 100 manat pensiya alıram. Bu günlərdə Prezidentin sərəncamı ilə yaşa görə əmək pensiyaları artırıldı. Bu artım əlillərə də şamil olunurmu? Əgər belədirsə, mənim pensiyam nə qədər olacaq?Sevda HƏSƏNLİ,Bakı şəhəri.-\ Əmək pensiyaları haqqında\ qanunun 10.1 maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği ölkə başçısı tərəfindən müəyyən edilir. Qanuna uyğun olaraq da yaşa görə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında vaxtaşırı Prezident tərəfindən sərəncam imzalanır. Növbəti belə sərəncam 16 yanvar 2016-cı ildə verildi. Sərəncamın I hissəsinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevral ayının 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edildi.Adıçəkilən Qanunun 13.1 maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği II qrup əlillər üçün yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 100 faizi həcmində müəyyən edilir.Siz müəllimə işləməklə, həm də II qrup əlilliyə görə pensiya alırsınızsa, bu pensiyanın məbləği bu ilin fevralın 1-dən sərəncama uyğun olaraq 110 manat olacaq. Həm də nəzərinizə çatdırırıq ki, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyalarının baza hissəsi gələcəkdə nə vaxt artarsa, həmin tarixdən əlilliyə görə əmək pensiyasının baza hissəsi də buna müvafiq olaraq artacaq.Mütəxəssis işləyirəm. 12 il fasiləsiz iş stajım var. Son vaxtlar məzuniyyətə çıxanda 30 gün əsas, 4 gün əlavə məzuniyyət verirdilər. Bir ildir ki. Ailə vəziyyətimlə bağlı yarım gün işləyirəm. Deyirlər ki, mənə məzuniyyət az veriləcək, bu, düzgündürmü?Xuraman HƏŞİMOVA,Sumqayıt şəhəri.- Sorğunuzdan aydın olurki,Siz natamam iş vaxtı ilə işləyirsiniz. Əmək Məcəlləsinin 114-cü maddəsinin 4-cü hissəsinə əsasən, natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Ona görə də Sizə əvvəlki qaydada 30 gün əsas, 12 il əmək stajınız olduğuna görə 4 gün əlavə əmək məzuniyyəti verilməlidir.Altı aydan çoxdur ki, xəstəyəm. Xəstəlik vərəqəsini müdiriyyətə həmişə vaxtında təqdim etmişəm. Mənə deyirlər ki, altı aydan çox əmək qabiliyyətini itirdiyin üçün, hər iki tərəfin iradəsindən asılı olmayaraq, əmək müqaviəsinə xitam veriləcək. Tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi nə deməkdir?Səlim ƏLİYEV,Bakı şəhəri.- Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərin iradəsindən asılı olmayan hallardır. Bu əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin \ d\ bəndində qeyd edilmiş və Məcəllənin 74-cü maddəsində açıqlanmışdır.Sualınızdan görünür ki, tərəflərin iradəsindən asılı olmayan hallar haqqında məlumat almaq istəyirsiniz. Nəzərinizə çatdırırıq ki, tərəflərin iradəsindən asılı olmayan hallarda aşağıdakı əsaslarla əmək müqaviləsinə xitam verilə bilər:- işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda, - əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda,- qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə. Qeyd edək ki, əmək qabiliyyətinin tam itirilməsi Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) qərarı ilə işçiyə müvafiq dərəcədən (I, II, III) əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) rəyi nəzərə alınır ( ƏM, maddə 74).- işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə,- işçi vəfat etdikdə,- əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə,- əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.Həyat yoldaşım 4 ilə yaxındır ki, vəfat edib. 2 övladımı təkbaşına böyüdürəm. İş yerimdə ştat ixtisarı nəticəsində ixtisara düşdüyümü öyrəndim. Müdirin məni ixtisara salmağı düzgündürmü?Sahibə MƏMMƏDOVA,Sumqayıt şəhəri.- Əmək Məcəlləsinin 70-ci maddəsinin \ b\ bəndinə əsasən, işçilərin sayı və ştatların ixtisarı zamanı əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.Lakin qanunvericilik işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin dairəsini müəyyən etmişdir. Məcəllənin 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.Həmin maddənin 2-ci hissəsinə görə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmağa üstünlük verilən işçilərin siyahısı müəyyənləşdirilmişdir. Öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan işçilər də bu kateqoriyaya aiddir.Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar da dəqiqləşdirilmişdir. 79-cu maddəyə əsasən, işəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.Təkbaşına böyütdüyünüz uşaqlarınızın yaşını qeyd etmədiyiniz üçün hər iki maddənin müddəalarını qeyd etdik. 2 övladınızı təkbaşına böyüdürsünüzsə, yeganə qazanc yeriniz işlədiyiniz müəssisədirsə və uşaqlarınız məktəb yaşına çatmamışsa, müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi istisna olmaqla, işəgötürən Sizinlə əmək müqaviləsinə xitam verə bilməz.78-ci maddənin tələbləri baxımından isə uşaqlarınızın hər ikisinin yaşı 16-dan azdırsa, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyünüz vardır. Əks halda müəssisədə ixtisar gedirsə, Əmək Məcəlləsinin tələblərinə əməl etməklə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsində qanunsuzluq yoxdur.