Bu yaxınl...


Baxıldı : 309

Tarix : 2016-04-22 04:26:00


Bu yaxınlarda bizim zavoda yeni direktor təyin olunub. O, bütün işçiləri məcbur edir ki, işə girmək və işdən çıxmaq haqqında ərizə verməlisiniz, özü də tarixsiz. Burada işləyənlərin hamısının 10-28 il stajları var. İşçilər işdən çıxmadığı halda müdiriyyət nə edə bilər? Biz bu haqda hara müraciət edə bilərik?Elnur MİRZƏXANOV,Sumqayıt şəhəri.- Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Qeyd olunanların da heç birində işçi ilə əmək müqaviləsi bağlanan zaman həm də əmək müqaviləsinin ləğv edilməsi haqqında ərizənin alınması kimi göstəriş yoxdur.Adıçəkilən Məcəllədə əmək müqaviləsinin tərəfləri, müqavilənin məzmunu, forması, müddəti, müqavilənin bağlanması və ona dəyişiklik edilməsi qaydası, təqdim edilən sənədlər və sair bu kimi müddəalarla yanaşı, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları da yer almışdır. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.Sizin zavoda yeni təyin olunan direktorun hərəkətləri qanuna ziddir. Belə ki, həmin maddənin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.İnzibati Xətalar Məcəlləsinin 192.6. maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.Siz sorğunuzda işlədiyiniz müəssisənin adını göstərmirsiniz. Qeyd etdiyiniz məsələ ilə bağlı rəsmi qaydada zavodun yerləşdiyi ərazidəki 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə, yaxud məhkəməyə müraciət edə bilərsiniz.Torpaq sahəsinə dair əqdlər necə rəsmiləşdirilir? Müqavilədə nələr göstərilməlidir?Şükufə BABAYEVA,Balakən rayonu.- Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi Torpaq Məcəlləsinin 93-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Mülki Məcəllənin müddəalarına uyğun olaraq həyata keçirilir.Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.Maddənin 3-cü hissəsinə əsasən, qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir:müqavilənin tərəfləri;müqavilənin növü;müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər);müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas);torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağalar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər;torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər);torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi;əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri;tərəflərin öhdəlikləri.Onu da qeyd etmək lazımdır ki, torpaq sahəsinə aid müqavilələr notarial qaydada təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 647-ci maddəsinə uyğun olaraq bununla bağlı bütün xərcləri alıcı çəkməlidir.Tibb işçisiyəm. Əmək Məcəlləsinin 70-ci maddəsinin \ c\ bəndi ilə əmək müqaviləmə xitam verilmişdir. Bilmək istərdim, attestasiyadan keçmədiyimə görə bu əsasla əmək müqaviləmə xitam verilməsi düzgündürmü?Sabir QARAYEV,Sumqayıt şəhəri.-\ Əhalinin sağlamlığının qorunması haqqında\ qanuna əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir.Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin şəxslər (işçilər), aşağıda qeyd olunan hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir.Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.Belə ki, Məcəllənin 67-1 maddəsinə əsasən, sertifikasiyadan \ Əhalinin sağlamlığının qorunması haqqında\ qanuna uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin \ c\ bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.11-ci dərəcə ilə aylıq maaşım 161 manatdır. Dəniz səviyyəsindən yüksəkliyə görə 20% əlavə olunmaqla maaşım 193 (bir yüz doxsan üç) manat olur.31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 161 manat mükafat verilib, eyni zamanda 36 təqvim günü hesabı ilə 30 dekabr 2015-ci il tarixdən məzuniyyətə buraxılmışam.Mühasib tərəfindən mənə veriləcək pullar cəmlənərək vergiyə cəlb edilib. Bu nə dərəcədə düzgündür, hesabat necə aparılmalıdır? Eyni zamanda işçinin razılığı olmadan mühasib tərəfindən maaş cədvəli ilə abunə üçün pul saxlanıla bilərmi?Fəxrəddin HÜSEYNOV, Gədəbəy rayonu.-Vergi Məcəlləsinə əsasən, vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.Məcəllənin 98.1. maddəsinə görə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir-əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən və yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Buna uyğun olaraq da hər bir fiziki şəxsdən vergi tutulan aylıq gəlirin məbləği təkcə əməkhaqqına yox, adıçəkilən Məcəllənin 101-ci maddəsində göstərilən qaydada onun aylıq gəlirinə uyğun olaraq dərəcələrlə hesablanır və buna uyğun vergi məbləği tutulur.Qanunun tələbindən göründüyü kimi, vergi məbləği aylıq gəlirdən tutulduğu üçün mühasibatlıq düzgün olaraq aylıq gəlirinizi cəmləyərək gəlir vergisini həmin məbləğdən tutmuşdur.Sizi maraqlandıran ikinci məsələ ilə əlaqədar bildiririk ki, Əmək Məcəlləsinin 175-ci maddəsində əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydaları qeyd edilmişdir. Burada işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulmalara yol verilən hallar sadalanmış, işçinin ərizəsi əsasında ərizədə göstərdiyi məbləğdə və müddətdə əməkhaqqının müvafiq hissəsinin kommunal xərclərə və işçinin şəxsi borclarının ödənilməsi üçün tutula biləcəyi göstərilmişdir.Abunə üçün mühasib tərəfindən maaş cədvəli ilə əməkhaqqından tutulmalara yol verilməsi bu hallara aid edilməmişdir. Belə bir hal olubsa da, bu, qanunun tələbləri baxımından düzgün deyil.