“Bütün istirahət mərkəzləri yenidən qurulub, təmir olunub, yayın ləzzətini çıxarmaq üçün hər bir şərait yaradılıb”


Baxıldı : 347

Tarix : 2019-07-26 14:45:56


İyulun 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərində yaradılan şəraitlə tanış olub.

Səttar Möhbalıyev öncə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” İstirahət Mərkəzindəki yaşayış korpuslarını gəzib, yataq otaqlarına, yeməkxanaya, idman zalına, açıq və qapalı üzgüçülük hovuzlarına baxıb.

Təbiət qoynunda salınmış istirahət mərkəzi eyni vaxtda 260 nəfərə xidmət edə bilir. 2013-cü ildə açılışı olan mərkəzdə təhsil işçilərinin dincəlmələri üçün müasir mehmanxana binası, kotteclər, ministadionlar, üzgüçülük hovuzu, ilkin tibbi yardım otağı, internet-klub istifadəyə verilib. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir.

S.Möhbalıyev mərkəzdə dincələn insanlarla söhbət edib. Onların rəy və təkliflərini dinləyib.

O, Nabranda belə bir istirahət mərkəzinin istifadəyə verilməsinin dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, həmkarlar ittifaqı üzvlərinin, onların ailələrinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkili istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

“ Hər il həmkarlar ittifaqı təşkilatlarının xətti ilə 100 mindən çox vətəndaşımız öz ailəsi ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır”.

Bu sözləri jurnalistlərə müsahibəsində AHİK sədri deyib. O bildirib ki, bu vətəndaşlar xidmət haqqının cəmi 15 faizini ödəməklə həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda yüksək səviyyədə dincəlirlər. Bundan başqa, il ərzində 8 min azyaşlının da uşaq istirahət mərkəzlərində dincəlməsi təmin edilir. Gələcəkdə istirahət edənlərin sayını daha da artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Yüksək dövlət qayğısı nəticəsində AHİK-in balansındakı bütün istirahət mərkəzləri yenidən qurulub, təmir olunub, yayın ləzzətini çıxarmaq üçün hər bir şərait yaradılıb.

Millət vəkili deyib ki, Nabranda təhsil işçiləri ilə yanaşı, dəmir yolu, rabitə və digər dövlət qurumlarının həmkarlar ittifaqlarının da müasir standartlara uyğun istirahət mərkəzləri fəaliyyət göstərir. Hazırda mədəniyyət işçiləri üçün istirahət mərkəzi tikilir. İstirahət mərkəzlərinə edilən bu səfərin məqsədi buradakı şəraitlə yerində tanış olmaqdan, obyektlərin necə saxlanılmasına, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsinə nəzarət etməkdən ibarətdir. Burada bütün otaqlar soyuducu və kondisionerlə, digər zəruri avadanlıqlarla, o cümlədən tibb məntəqələri, istirahət guşələri, idman qurğuları ilə tam təmin və təchiz edilib. Bir sözlə, həmkarlar ittifaqı üzvlərinin rahatlığı üçün hər bir şərait yaradılmasına çalışılıb. İstirahət mərkəzlərində dincələn insanların da əsas vəzifəsi təlimat qaydalarına riayət etmək, səliqə-sahmanı qoruyub saxlamaqdır.

Sədr diqqətə çatdırıb ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının dirçəlməsi nəticəsində mümkün olub. AHİK-in də maliyyə imkanları məhz bundan sonra yaxşılaşıb. Hazırda əsas məqsədimiz hər bir sahə həmkarlar ittifaqının özünə məxsus istirahət mərkəzinin olması və üzvlərimizin həm dincəlmələri, həm də müalicə olunmaları üçün layiqli şəraitin yaradılmasıdır.

“Təhsil” İstirahət Mərkəzi ilə tanışlıqdan sonra AHİK sədri Nabranda yerləşən Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Lokomotiv”  İstirahət Mərkəzində olub.

2008-ci ilin avqust ayında istifadəyə verilən “Lokomotiv” İstirahət Mərkəzində ilkin olaraq 140 nəfərlik üç istirahət korpusu, 220 nəfərlik yeməkxana inşa edilib. Sonrakı illərdə istirahət mərkəzində əlavə iki korpus, böyüklər və uşaqlar üçün çimərlik hovuzu tikilib. Bundan başqa, müasir tələblərə cavab verən örtülü voleybol zalı, tennis zalı, fitnes-trenajor zalı, minifutbol və voleybol meydançaları bütün avadanlıqlarla təchiz olunmaqla dəmiryolçuların istifadəsinə verilib.

Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” İstirahət Mərkəzində keçirilib.

“Ülfət” İstirahət Mərkəzi doqquz ildir ki, istifadəyə verilib. Dənizdən bir kilometr məsafədə yerləşən mərkəzdə kotteclər və üç ədəd ikimərtəbəli istirahət korpusu var. Burada eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insan istirahət edə bilir.

“Ülfət” İstirahət Mərkəzində AHİK sədri turistlərlə görüşüb. Respublika Komitəsinin Tərtər və Biləsuvar rayon komitələrinin üzvləri Həsənağa Bayramov və Rabil Şahbazov, Miqrasiya Xidməti Təşkilat Nəzarət Baş İdarəsinin şöbə müdiri Mirsamir Seyidov və digərləri “Ülfət” İstirahət Mərkəzində xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarını, nümunəvi xidmət göstərildiyini və şərait yaradıldığnı deyiblər. Bütün bunlara görə isə millət vəkilinə minnətdarlıqlarını bildiriblər. 

S.Möhbalıyev daha sonra “Şahdağ” İstirahət Evi və “Xəzər” İstirahət Mərkəzinə də gedib, mədəniyyət işçiləri üçün tikilən istirahət mərkəzində inşaat işləri ilə maraqlanıb.

AHİK sədri Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonu ərazisindəki “Şəfa” İstirahət Mərkəzindəki şəraitlə də yaxından tanış olub.

Bir neçə il bundan öncə istifadəyə verilən mərkəzdə tibb işçilərinin dolğun və səmərəli istirahəti üçün hər bir şərait yaradılıb. Qusarın təmiz dağ havası ilə zəngin olan yüksəkliyində yerləşən istirahət mərkəzi yataq korpusu, yeməkxanası, həyətindəki göz oxşayan yaşıllıqları ilə diqqəti cəlb edir. Bu şəfa ocağı mövsüm ərzində 1000 nəfərə qədər səhiyyə işçisini qəbul edib, onlara yüksək xidmət göstərir.

Göstərilən diqqət-qayğını, yaradılan şəraiti “Şəfa” İstirahət Mərkəzində dincələn səhiyyə işçiləri də xüsusi olaraq qeyd etdilər.

İstirahət mərkəzlərində xidmət səviyyəsi ilə maraqlanan S.Möhbalıyev müvafiq tapşırıq və tövsiyələrini verib, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün səylərin daha da artırılmasının vacibliyini qeyd edib.

Azər MUSTAFAYEV