Bütün rəqiblərinə qalib gəliblər


Baxıldı : 66

Tarix : 2017-07-14 23:32:03


Sumqayıtdakı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, SSRİ-nin Əməkdar Məşqçisi Vaqif Əliyevin xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə II ənənəvi Respublika turnirinin qalibləri mükafatlandırılıb. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışda 2003-2005-ci il təvəllüdlü yeniyetmələr iştirak ediblər.

Turnirdə Sumqayıt, Bakı, Gəncə, Şirvan, Abşeron, Lənkəran, Göyçay, Qubadlı, Qusar, Quba, Kürdəmir, Zəngilan, Beyləqan, Xızı, Qobu, Goranboy, Sabirabad şəhər və rayonlarından ümumilikdə 298 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Yarışda "Məhsul" İdman Cəmiyyətinin yetirmələri də iştirak ediblər. Cəmiyyətin gənc pəhləvanları Rəşad Həsənli ( 38 kq.) və Nihad İsmayılov (47 kq.) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məşqçi-müəllim Sənan İsgəndərovun tələbələrinin bu uğuru onlara göstərilən etimadın əbəs olmadığının nümunəsidir.

Turnirin qalib və mükafatçıları Baş İdarə tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə təltif olunublar.

Azər MUSTAFAYEV