“Bura cənnətməkandır”


Baxıldı : 73

Tarix : 2017-08-25 23:17:12


“Aztelekom” İstehsalat Birliyinin işçisi Fikrət Məmmədov hazırda Bakıda əmək fəaliyyətini davam etdirir. Bir neçə gün əvvəl isə onunla "Rabitəçi" İstirahət Mərkəzində görüşmüşdük. O, burada yay məzuniyyətini keçirirdi. Necə deyərlər, yayın ləzzətini alırdı. Böyük kölgəlikdə quraşdırılmış stolun arxasında əyləşib həmkarlarından biri ilə nərd atırdı.

Fikrət müəllim nərdi qatlayıb mənimlə xeyli aşağıda, yarğanın dibi ilə axan çayın kənarına gəldi. Ayağımızın altında yarpaqların yaratdığı qalın, lakin olduqca yumşaq "xəzan xalçanın" üstündə durub sərin mehi ciyərlərinə çəkdi. "Bura cənnətməkandır", - dedi. Mən zarafat etdim: "Deməli, yollayışla cənnətə düşmək mümkündür?!". F.Məmmədov sözlərimi təbəssümlə təsdiqlədi. Onunla bir idarədə çalışan Azər Alıyev isə zarafata cavab verdi: "Özü də ailəliklə".

Azər bu sözləri elə-belə, zarafat xətrinə demədi. Doğrudan da, rabitəçilərin hamısı bura ailəsi ilə birlikdə gəlmişdi.

Mərkəzin direktoru Nasir Qəzənfərov mənə bildirdi ki, mövsüm ərzində 5 gəliş olur. Mərkəzin tutumu 70 çarpayıdır. Beləliklə, mövsüm ərzində 350 nəfərə xidmət göstəririk. Onlardan yalnız 90 nəfəri rabitəçidir. Qalanları isə rabitəçilərin ailə üzvləridir.

Xahişimlə Nasir müəllim turistlərin qaldıqları seksiyalarla məni tanış etdi. Seksiyalardakı şərait mənzillərdən fərqlənmirdi. Bu oxşarlığı “BAQES"in işçisi Yeganə Yusifova bizimlə söhbətində xüsusi diqqətə çatdırdı. "Əvvəla, evdə olduğu kimi, burada da öz ailənlə birlikdəsən. Qapı da ayrı. Hamam, üzr istəyirəm, ayaqyolu seksiyanın daxilində. Baxmağa televizor, paltar asmağa dolab, oturmağa kətil, stul... Bir sözlə, heç nə üçün məəttəl qalmırsan. Hətta otaqlara, baxmayaraq ki, nadir hallarda ehtiyac olur, sərinkeş də qoyublar.

Sektorlarda olarkən sakinlərdən öyrəndim ki, burada ən vacib xidmətlər üzrə ştatlar açılıb. Təsərrüfat bacısını turistlər, həqiqi mənada, özlərinin bacısı kimi qəbul edirlər. Onun sahəsinə aid kimin nə ehtiyacı olsa, "yoxdur" sözünü eşitməyəcək. Xadimələr də eləcə. Süpürgə, xəkəndaz əllərindən düşmür. Məhz buna görədir ki, həm seksiyalarda, həm də ərazidə zibilə rast gəlmək olmur.

Bunlardan başqa, bağban, elektrik, santexnik və tibb bacısı da turistlərin xidmətində vicdanla dururlar. Bütün bunları mənə sakinlər dedi.

Direktorla həyətə düşdük. Artıq ona nə barədəsə sual verməyə ehtiyac qalmadı. Hər şey göz qabağında idi. Çimərlikdən qayıtmış turistlərin bir neçəsi kölgəliklərdə əyləşib ətrafındakılarla söhbətləşirdi. Çimərliyə getməyə hazırlaşanlar da az deyildi. Yeri gəlmişkən deyim ki, ləpədöyənlə "Rabitəçi"nin arası 20 metrdən çox deyil. Uşaqlar isə yelləncəklərdə əylənirlər. Ərazidə 5 ədəd yelləncək quraşdırıldığından uşaqların növbə gözləməsinə ehtiyac qalmırdı.

Nasir müəllim dedi ki, gün dönəndə turistlərin ən sevimli yeri idman meydançası olur. Futbol, voleybol həvəskarları komandalara bölünüb oynayırlar. Hər komandanın da öz azarkeşləri olur.

Təəssüf ki, axşama qədər bu mərkəzdə qalmaq imkanım olmadı. "Rabitəçi"nin gecə həyatının ləzzətini dada bilmədim. Dadmaq demişkən, mərkəzdə verilən yeməklərin dadı uzun müddət turistlərin damağında qalır. Necə ki, səhər yeməyinin dadı hələ şəxsən mənim damağımdan getməyib. Mənim də arxasında əyləşdiyim stola qaymaq, bal, pendir, yağ və qayqanaq qoymuşdular. Hava və aşbazın əlinin dadı şəxsən məndə iştah oyatmışdı. Bir də baxdım ki, qarşımda ancaq boş nimçələr qalıb.

Direktor turistlərə xidmətin səviyyəsinin belə yüksək olmasını həm də Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin onların fəaliyyətinə dəstəyində görür. “Mövsüm ərzində Respublika Komitəsinin rəhbərliyi tez-tez mərkəzə gəlir, turistlərlə görüşür, baxış keçirir, problemlərimizlə maraqlanır", - deyə Nasir müəllim bildirdi. Onu da dedi ki, kollektivə stimul verən amillərdən biri də turistlərimizin mərkəzdən yaxşı təəssüratla getməsidir.

Bəyalı RZAYEV