Buzadırmanma üzrə Azərbaycan çempionatı


Baxıldı : 230

Tarix : 2016-02-13 04:09:00


Fevralın 6-7-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə IX Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçirilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarış oğlanlar və qızlar arasında baş tutub. İştirakçılar arasında Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin \ Ekosport\ İdman Klubu da olub. Çempionatın ilk günü çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışları təşkil olunub. Bu mərhələni müvəffəqiyyətlə keçən idmançılar yarımfinala vəsiqə qazanıblar. Final mərhələsində isə qaliblər müəyyənləşib. Oğlanlar arasındakı yarışda Rinat Rəhimxanov birinci, Ramay Rəhimxanov ikinci, Rauf Zeynalov isə üçüncü yerə sahib olublar.Qızlar arasında isə Leyla Əhmədova hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ilk pilləsində qərarlaşıb. Fidan Novruzova ikinci, Süsən Əliyeva isə üçüncü yeri tutub.Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.Mükafatlandırma mərasimində FAİREX-in prezidenti, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.Azər MUSTAFAYEV