Cəmiyyət də biganə qalmamalıdır


Baxıldı : 228

Tarix : 2015-12-12 06:37:00


Mövcud qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər uşaq əməyindən istifadəni qadağan edir. Amma buna baxmayaraq, gün ərzində müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Uşaq əməyinin istismar edilməsi uşaqların psixi və fiziki sağlamlığına mənfi təsir edir, onların normal inkişafı və təhsilinə maneə yaradır. Uşaq əməyinin istismarından danışarkən burada ilk növbədə küçədə dilənçiliklə məşğul olan uşaqlara diqqət yetirməliyik. Fakt budur ki, müəyyən qədər uşaq ya valideynləri, ya qohumları, ya da başqa şəxslər tərəfindən dilənçiliyə cəlb edilir. Bu da o deməkdir ki, onları bu yola vadar edənlər uşaq əməyini istismar edir. Bundan başqa, ağır əl əməyi tələb edən işlərdə, iaşə xidməti sahələrində kifayət qədər azyaşlı gündəlik çörəkpuluna çalışır. Restoran və şadlıq evlərində kiçik yaşlı \ mələk\ qiyafələrindəki qızlar valideynlərin tələbi ilə bəy və gəlinin ətrafında rəqs edərək məclis əhlini əyləndirir. Onların əməyindən həm valideynləri, həm də digərləri sui-istifadə edirlər. Buna görə isə heç bir valideyn cəzalandırılmır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərovun bu deyilənlərə münasibətini öyrəndik: \ Əlbəttə, toy məclislərinə uşaqların cəlb edilməsi yolverilməzdir. Biz bu hallara biganə qalmırıq. Komitəmiz Məşğulluq İdarəsi, Daxili İşlər Nazirliyinin yerli şöbələri ilə reydlər keçirir. Bu reydlərin nəticəsi olaraq faktlar tapılır, müəyyənləşdirilir və onun qarşısının alınması haqda tədbirlər görülür\ .E.Səfərov onu da qeyd etdi ki, bu problemlərin qarşısının alınmasını tamamilə dövlətdən gözləmək düzgün deyil. Cəmiyyətin özündə qınaq olmalıdır. Çox təəssüf ki, 90-cı illərdə olan ictimai qınaq günümüzdə yoxdur.E.Səfərov təhsildən yayınma və erkən nikahlardan da söhbət açdı: \ Bu məsələlərin qarşısının alınması ilə bağlı işlər gücləndirilməlidir. 2012-ci ildən qanunvericilikdə yetkinlik yaşına çatmayanların nikaha cəlb edilməsinə görə 4 ilə qədər azadlıqdan məhrumetmə və 4000 manatadək cərimə tətbiq olunur. Bu qanunvericilik normalarından sonra erkən nikahların sayı 10 dəfə azalıb. Təəssüflər olsun ki, hələ də respublikamızın bəzi bölgələrində, Bakıətrafı kəndlərdə təhsildən yayınma və erkən nikah faktlarına rast gəlirik. Ona görə də bununla bağlı Dövlət Komitəsi tərəfindən rayon və Bakı kəndlərindəki məktəblərdə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçiririk\ .Elgün müəllim çox vacib bir məsələyə də toxundu. Dedi ki, kənd yerlərində, məlumdur ki, azyaşlı uşaqlar təsərrüfat işlərində valideynlərinə köməklik göstərirlər. Yəni əkin-biçində, heyvandarlıqda valideynlərinin tapşırığı ilə müəyyən işləri yerinə yetirilər. Bəzi ekspertlər bu köməyi uşaq əməyinin istismarı kimi qələmə verirlər. Əslində, yəni qanunvericiliklə bu iddia yalnışdır. Uşağın valideynə bu mənada kömək etməsi vacibdir. Çünki uşaqların dərsdən sonra, asudə vaxtlarında işlə məşğul olması onların əməyə bağlanmasında, əqli və fiziki inkişafında böyük rol oynayır.E.Səfərov onu da qeyd etdi ki, 2013-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında \ Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı\ təsdiq edilmişdir. Tədbirlər Planında uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bildirdi ki, uşaq hüquqlarının müdafiəsi yönümündə bir sıra tədbirlər həyata keçirilsə də, hələ uşaq əməyinin istismarı hallarına rast gəlinir. Onun sözlərinə görə, qanunvericilikdə uşaq hüquqları ətraflı əks olunub. Ancaq, təəssüf ki, çox hallarda qanunlar kağız üzərində qalır.Hər iki ekspertin fikrincə, uşaq əməyi istismarının qarşısının alınması üçün dövlət və qeyri-hökumət təşkilatları yeniyetmələr, valideynlər və işəgötürənlər arasında maarifçilik işlərini gücləndirməlidir.Aliyə SƏMƏDOVA