Cəmiyyət onlara qarşı biganədir


Baxıldı : 312

Tarix : 2015-11-20 05:11:00


İnsan həyatının ən qayğısız anları uşaqlıq dövrüdür. Problemlərdən uzaq, saf, təmiz uşaqlıq illərini çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq. Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara ağrı verir. Talelərinə internat evində böyümək yazılan məsum uşaqların bu həyatı yaşamağa vadar edən səbəblər müxtəlifdir. Azərbaycanın 1992-ci ildə ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyasına görə, uşaq evləri, internatlarda uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar. Amma çox zaman ailə himayəsindən məhrum uşaqların internatlara yerləşdirilməsinə son yox, ilk imkan kimi baxılır.Bu gün uşaq evləri və internatlarda böyüyən uşaqların həyatı bizim üçün ənənəvi olan ailə modelindən köklü şəkildə fərqlənir. Onlar nə qədər böyük qayğı, diqqət ilə əhatə olunsalar belə, isti yuvaya, ailəyə ehtiyacları var.Bundan başqa, ailəsi olmayan, yetim uşaqların saxlanıldıqları uşaq evləri ilə internatları fərqləndirmək lazımdır. İnternatlarda əsasən valideynlərinin maddi durumu övladlarını saxlamağa kifayət etməyəcək dərəcədə pis olan uşaqlar yaşayır. Uşaq evlərində yaşayanlar yaxınlıqdakı orta məktəblərə gedirlər, internat sakinlərinə isə elə qaldıqları internatda dərs keçirilir.Uşaq evləri və internatların sakinləri 16 və ya 18 yaşlarına çatdıqdan sonra oranı tərk edirlər. Qanunvericiliyə əsasən, uşaq evləri və internatlarda 18 yaşına çatmış uşaqların saxlanılması qadağandır. Üstəlik, orada bu yaşa yaxınlaşan uşaqların sayı minimuma endirilməlidir. Bəs bu yaşa çatan yeniyetmələrin uşaq evlərini tərk etdikdən sonra aqibəti necə olur?Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısını dada bilmirlər. 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən gənc yaşlarında küçədə qalmaq təhlükəsi ilə üzləşirlər. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük zərbəsini küçələrdə alırlar.Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə ümumilikdə 65 uşaq müəssisəsi (internat, uşaq və körpələr evi) fəaliyyət göstərir. Həmin müəssisələrdə valideyn himayəsindən məhrum olan 21 min uşaq tərbiyə alır. Kimsəsiz uşaqlarla bağlı indi Azərbaycanda ən böyük problem 18 yaşdan sonra onların bu müəssisələrdən məcburən uzaqlaşdırılması və sonrakı taleləri ilə maraqlananların olmamasıdır. Psixoloq Dəyanət Rzayev də uşaq evini tərk edənləri cəmiyyətin qəbul etmədiyini vurğuladı: \ Onlara heç bir dəstək, qayğı yoxdur. Cəmiyyət onlara etibar etmir, onlara qarşı biganədir. Halbuki onlara qayğı daha çox lazımdır və bununla bağlı profilaktik tədbirlər görülməlidir. Bunun üçün dövlət tərəfindən xüsusi qayğı, psixoloji xidmətlər olmalıdır\ .Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov da bildirdi ki, həmin uşaqlar uşaq evlərini tərk edəndən sonra çox zaman cəmiyyətdə adaptasiya ola bilmirlər: \ İnternatı bitirənlərin çox az qismi iş tapmağa müvəffəq olur. Qalanları isə müxtəlif şəkildə cəmiyyətə inteqrasiya olunur ki, bu da əksər vaxtlarda böyük faciələrə gətirib çıxarır. 18 yaşına çatan oğlanlar əsgərliyə gedirlər. Qayıtdıqdan sonra isə artıq nə qalmağa yerləri, nə də işləri olmur. Ona görə də onların cinayətkarlığa yönəlmə ehtimalı yüksək olur. Qızlar isə restoranlara, barlara, kafelərə işləməyə, pul qazanmağa gedirlər\ .Y.Bəkirov onu da qeyd etdi ki, 1999-cu ildə qəbul olunmuş \ Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin təmin edilməsi\ haqqında qanuna görə, həmin uşaqların yaşayış yerləri yoxdursa, icra hakimiyyəti orqanı onları iş, ev və ya yataqxana ilə təmin etməlidir. Y.Bəkirov bildirdi ki, internatların ləğv olunması haqqında proqramlar da irəli sürülmüşdür: \ Azərbaycanda internatların ləğvi istiqamətində müxtəlif təkliflər səslənməkdədir. Bir qrup mütəxəssis hesab edir ki, internatların ləğvi ilk növbədə burada yaşayan uşaqların normal ailədə böyüməsinin təminatçısı olacaq.İnternatların ləğv edilməsi üçün Təhsil Nazirliyinin balansında De-İnstitutlaşma adlı qurum yaradılıb. Bu qurum birbaşa internatlara nəzarət etməli, ordakı uşaqların bioloji ailələrə verilməyini təşkil etməli və internatlar boşaldılıb bağlanmalı idi. Bir sıra ölkələrdə internatlar ləğv olunandan sonra oradakı uşaqlar \ üçüncü ailə\ lərə verilir. Bu, qohum ailə də, tamamilə kənar bir ailə də ola bilər. Dövlət həmin ailəyə müvafiq miqdarda maliyyə vəsaiti ayırır və yetkinlik yaşına çatana qədər həmin uşağa qayğı göstərir. Azərbaycanda da artıq uşaq evlərinin ləğvi prosesinə başlanması nəzərdə tutulsa da, bu istiqamətdə işlər ləng aparılır. Sonda isə onu da qeyd etmək lazımdır ki, hələ də ailə istiliyi görməyən, ev şəraitinə alışmayan bu gənclər cəmiyyətimizə necə qoşulacaq və necə inteqrasiya olunacaqlar” kimi suallar çoxluq təşkil edir. Məhz bu baxımdan kimsəsiz uşaqlar hələ internat məktəbini tərk etmədən onların sonrakı həyatının müəyyənləşdirilməsi yolunda işlərin görülməsi vacibdir. Aliyə SƏMƏDOVA