Cəmiyyətdəki aqressiya yeniyetmələrə də keçir


Baxıldı : 307

Tarix : 2015-02-28 03:10:00


Son vaxtlar cəmiyyətdə insanların bir-biri ilə davranışlarının daha da sərtləşməsinin şahidi oluruq. İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Özü də bu qətllər çox vaxt ailə üzvləri tərəfindən törədilir. Ata azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşını güllələyir, qardaş bacısının başını kəsir, ana azyaşlı övladını boğub öldürür. Adi mübahisələr zamanı əsəblərinə sahib ola bilməyənlər öz yaxınlarının həyatlarına belə qəsd etməkdən çəkinmirlər. Artıq bu kimi hadisələr orta məktəblərdə də müşahidə olunmağa başlayıb. Şagird öz sinif yoldaşını, müəllim həmkarını döyür. Cəmiyyət üçün nümunə olacaq tədris ocaqlarında baş verənlər isə insanları narahat etməyə bilməz. Maraqlıdır, görəsən, təhsil sahəsində və ümumilikdə cəmiyyətdə olan bu aqressiyanın kökündə nə dayanır?Psixoloq Dəyanət Rzayevin qənaətinə görə, qəddarlıq nümayiş etdirən hansısa müəllimi, şagirdi və ya direktoru tədrisdən uzaqlaşdırmaq çıxış yolu olmamalıdır: \ Onlar qovulacaq, yerlərinə bir başqası gələcək. Heç kim zəmanət verə bilməz ki, ondan sonra gələn bu tip hərəkətlər etməyək. Biz bu problemin kökünü cəmiyyətdə axtarmalıyıq. Yaxın keçmişə nəzər salsaq təhsil sahəsində bu cür neqativ halların olmadığını görərik. Direktor və müəllimlərə təlim keçmək lazımdır. Bu gün insanların aqressiyası həm təbəqələşmə, həm də digər sosial problemlərlə bağlıdır. İnsanların arasında olan dəyərlər dəyişilib. Amma bütün hallarda psixopatların təhsil sisteminə daxil olmaları yolverilməzdir. Bu gün cəmiyyətimizdə peşəsindən asılı olmayaraq çoxlu sayda psixopat var. İnsanların psixopat olmasında internetin, aqressiv filmlərin rolu var. Bunların hamısı bütövlükdə kompleks şəkildə insanın psixikasına təsir göstərir. Əvvəllər uşaqlar üçün cizgi filmləri vardı və o vaxtın ən aqressiv cizgi filmi \ Nu, poqadi\ idi. Amma bu gün istər filmlərdə, istərsə də cizgi filmlərində aqressiya var\ .D.Rzayev orta məktəblərdə psixoloji xidmətin istənilən səviyyədə olmadığı qənaətindədir: \ Hər bir məktəbdə ən azı 4 psixoloq olmalıdır və onlara təlim keçirilməlidir. Həmin psixoloqlar öz hesabatlarını Təhsil Nazirliyinə verməlidirlər. Orta məktəblərdə baş verən neqativ hallara nəzər salsaq bunun daha çox Azərbaycan bölməsində olduğunu görərik. Rus bölməsində aqressiya az olur. Bunun səbəbi isə rus ədəbiyyatında mərhəmətliliyin və reallığın çox olmasıdır. Azərbaycan ədəbiyyatında Nizami, Nəsimi, Füzuli kimi dahi şairlər olub. Onlar daha çox məhəbbəti təcəssüm ediblər\ . Psixoloqun sözlərinə görə, indi aqressiya təkcə məktəblərdəki təhsillə bağlı deyil. Aqressiyanın kökündə cəmiyyətdəki sosial ədalətsizlik durur. Əvvəllər müəllimin sosial vəziyyəti cəmiyyətin digər üzvlərindən heç də aşağı olmurdu. Kifayət qədər hörmət sahibi idi. İndi isə maşını, pulu, vəzifəsi olanlar hörmətli adam sayılır. Müəllim bu gün 100-200 manat əməkhaqqı alır. Bununla da, bir qism peşəsinin vurğununu istisna etməklə, müəllimin məktəbə, tədrisə marağı itir. Psixoloqun sözlərinə görə, bu halların qarşısının alınması üçün cəmiyyətdə profilaktiki tədbirlər aparılmalıdır. Aidiyyəti strukturlar insanlarla işləməlidir.Xalid AZƏR