Cəmiyyətin cins nisbəti kişilərin xeyrinə dəyişir


Baxıldı : 271

Tarix : 2015-12-19 05:14:00


Respublikamızda son 12 il ərzində əhalinin sayı 16 faiz artaraq 2015-ci il 1 sentyabr tarixinə 9 milyon 666 min nəfər təşkil edib. Təbii artım əmsalı 1,3 olub və hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb. Hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6,0 nəfərdən 5,9 nəfərədək azalıb. Hazırda ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu göstərici ümumdünya göstəricisindən fərqlidir. Belə ki, hazırda dünya əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar təşkil edir. Dünya əhalisinin cins strukturunun kişilərin xeyrinə dəyişməsinin əsas səbəbi Çin və Hindistanın əhalisinin cins strukturunda kişilərin üstünlük təşkil etməsidir. Belə ki, bu ölkələrdə əhalinin təqribən 52 faizi kişilərdir. Ölkəmizdə də doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Belə ki, əhalinin siyahıya alınması üzrə məlumatlara əsasən, 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür. Bu rəqəmlər də göstərir ki, bir neçə ildən sonra oğlanlar evlənmək üçün ciddi çətinliklə qarşılaşacaqlar. Qızların həqiqətən \ qızıla dönməsinin\ səbəbləri isə bir müddət əvvələ gedib çıxır. Mütəxəssislər o qənaətdədir ki, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsində müasir tibbi vasitələrin daha çox rolu var. Cəmiyyətdə mövcud olan bu problemə münasibət bildirən sosioloq Rafiq Təmrazov deyir ki, bəzi ailələrdə qız uşağına qarşı ikinci dərəcəli yanaşma tərzinin mövcudluğu təəssüf doğurur: \ Bəzi ailələrdə qız uşaqlarının sayının çox olması, evin kişisinin ancaq oğlan uşağı istəməsi və nəslin davamçısı kimi oğlan uşaqlarına üstünlük verilməsidir. Bunu nəzərə alan bir çox ölkələrdə aborta qarşı sərt addımlar atılıb. Hətta dölün cinsinə görə məhv edilməsi qanunla qadağan olunub. Amma görünən odur ki, qız uşaqlarının sayının kəskin şəkildə azalması gələcəkdə demoqrafik balansın pozulmasına gətirib çıxaracaq. Əgər dövlət səviyyəsində bu prosesin qarşısı alınmazsa, yaxın illərdə cəmiyyətdə kişilərin sayı qadınlara nisbətən çox olacaq və oğlanlar evlənməyə qız tapmayacaq. Kişilərin bir qismi ailə həyatı qurmaq üçün əcnəbi ölkələrə müraciət etməli olacaq ki, bu da millətin genefondunun formalaşmasına təsirsiz ötüşməyəcək. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bu istiqamətdə cəmiyyətin maarifləndirilməsinə də ehtiyac var\ . Psixoloq Dəyanət Rzayev də deyir ki, ölkə əhalisi oğlana meyilli toplum olaraq qız uşaqlarının doğulmasının qarşısının alınmasında maraqlıdır: \ Amma bunun yaradacağı sosial-psixoloji, profilaktik və gigiyenik səbəbləri də unutmaq olmaz. Hazırda cəmiyyətin psixoloji, mənəvi, sosial rekonstruksiyaya ehtiyacı var. Qloballaşan dünyada Azərbaycanın öz ailə dəyərlərini və ənənələrini yaşatması üçün daim təbliğat işləri aparılmalıdır. Ailə institutumuz bir örnək kimi gələcək nəslə ötürülməlidir. Problemin aradan qaldırılması üçün düşünürəm ki, geniş maarifləndirmə işinin aparılmasına da ehtiyac var\ .Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev cəmiyyətdə sosial-iqtisadi proseslərlə demoqrafik proseslərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu deyir: \ Demoqrafiya sahəsində siyasət hər bir dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir\ .Qeyd edək ki, doğulanlar arasında cins nisbətinin pozulması hallarının qarşısının alınması məqsədilə Fəaliyyət Planı hazırlanır. Sənəddə abort siyasətinə yenidən baxılması, hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması nəzərdə tutulur. Həmçinin qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması, qadınların ictimaiyyətdə rolunun artırılması, onların kişilərdən iqtisadi asılılığının azaldılması, məşğulluğunun artırılması, sosial və iqtisadi mövqelərinin gücləndirilməsi kimi məsələlər sənəddə öz əksini tapıb.Xalid AZƏR