Çalışanların hüquqlarına hörmətlə yanaşılmalıdır


Baxıldı : 35

Tarix : 2018-08-31 18:42:47


Dünyanın ən böyük paltar asqı şirkəti olan “Mainetti”  həmkarlar təşkilatının fəaliyyətinə əngəllər yaradır. Şirkətin tərkibinə daxil olan Şri Lankadakı “Mainettech Lanka” İndustriALL Qlobal İttifaqının da  iştirakı ilə Sərbəst  Ticarət Bölgələri və Ümumi Xidmət İşçiləri Həmkarlar İttifaqı (STBÜXİHİ) ilə müştərək  müqavilə bağlamaqdan boyun qaçırıb. İttifaqdan bildirilib ki, şirkətdə çalışan üzvlər basqı və təzyiqlərə məruz qalırlar. Bir aydır davam edən müzakirələrdə hələ də yekun nəticə əldə edilməyib. İttifaqın tələblərindən biri də müvəqqəti müqavilə ilə çalışanların sayının azaldılmasıdır. Şirkət bu barədə dəqiq rəqəmləri açıqlamır və bu rəqəmin bütün çalışanların 40 faizindən az olması tələbi ilə razılaşmır.

Şirkət bu ilin fevral ayında   qurumun həmkarlar təşkilatının iş saatları çərçivəsində toplantılar təşkil edərək işin gedişinə axsaqlıqlar yaratdığını iddia edərək təşkilat sədri G. Mahindanın işinə son verib.

STBÜXİHİ-dən bildirilib ki, işçilər, əgər həmkarlar təşkilatı ilə şirkət arasında anlaşılmazlıq davam edərsə, şirkətin fabrikinin bağlanılacağı ilə təhdid olunur. Bununla bir neçə işçi üzvlükdən çıxmaqla bağlı müraciət edib. Bundan başqa şirkətin həmkarlar təşkilatı fəalları əsassız şəkildə günahlandırılır və onlara müxtəlif cəzalar tətbiq olunur.

İndustriALL-ın baş katibi Valter Sançez məsələ ilə bağlı “Mainetti” rəhbərliyinə müraciət edərək həmkarlar təşkilatının şirkət daxilində fəaliyyətinə maneələr yaratmamağa çağırıb. O bildirib ki, həmkarlar təşkilatına üzv olmaq çalışanın haqqıdır. Hər bir qurum da bu hüquqlara hörmətlə yanaşmalıdır.

 Qeyd edək ki, 49 ölkədə fəaliyyət göstərən, “Abercrombie”, “Fitch”, “Nike”, “Hugo”, “Boss”, “Walmart” kimi şirkətlərlə əməkdaşlıq edən “Mainetti”də ümumilikdə 5000 işçi çalışır.

 

Cavid Səfərov