Çalışanların problemləri nəzərə alınmalıdır


Baxıldı : 41

Tarix : 2017-10-07 00:00:02


Beynəlxalq Həmkarlar İttifaqları Federasiyası (BHİF) Hindistan hökumətinə yerli həmkarlar ittifaqı təşkilatlarının 12 maddəlik Tələblər Topluluğunun qəbulu və əmək qanunvericiliyində məhdudlaşdırıcı dəyişikliklər aparılması barədə müraciət ünvanlayıb. Hindistan Milli Həmkarlar İttifaqı (HMHİ) nümayəndələri ilə BHİF-in baş katibi Şaran Barrounun paytaxt Dehlidə keçirilən görüşündə hökumətdən işçi birliklərinə qarşı təqiblərin dayandırılması, dialoqa razılıq verilməsi tələb edilib.

Baş katib bildirib ki, hökumətin ilin əvvəlində 10 milyon yeni iş yerinin yaranacağı ilə bağlı proqnozu özünü doğrultmur: "Əksinə, ixtisarlar daha kütləvi hal almağa başlayır. Bir çox sahələrə yetərli sərmayənin ayrılmaması istehsala və iş imkanlarına mənfi təsir edir. Minimum əməkhaqqı da inflyasiyaya uyğun hesablanmır. Biz bu rəqəmin 18 min rupi (təxminən 277 ABŞ dolları) olması ilə bağlı təklif irəli sürmüşük. Bu yöndə rəhbərlik etdiyim qurum Hindistan həmkarlar ittifaqı təşkilatlarını dəstəkləyir. Keçən il  HMHİ və digər həmkarlar ittifaqı təşkilatları 100 milyon insanın iştirakı ilə tarixdəki ən böyük tətil aksiyasını təşkil etdi. Hökumət yaranan bərabərsizliyə görə  çalışanların narahatlığını gözardı etməməlidir. Oktyabrın 9-dan etibarən parlament binasının önündə və paytaxtın müxtəlif yerlərində aksiyalar keçirilməsi planlaşdırılır. Hökumət bu çoxluğu nəzərə almalı, müzakirələrə razılıq verməlidir".

Şaran Barrou  Dehlidə Hindistan Ticarət Palatasının nümayəndələri ilə bir araya gələrək  yerli həmkarlar ittifaqı təşkilatlarının birlikdə hazırladığı 12 maddəlik Tələblər Topluluğunu müzakirə edib.

Sənəddə:

- qiymət siyasətinin universallaşması və əmtəə bazarında spekulyativ ticarətin ləğvi

- işsizliyin aradan qaldırılması üçün konkret addımlar atılması

- istisnalar nəzərə alınmadan əmək qanunvericiliyinə əməl olunması və pozuntular zamanı ciddi cəza tədbirlərinin tətbiqi

- işçilər üçün sosial təminat

- bütün çalışanlar üçün 3 min rupidən az olmayaraq pensiya təminatının təşkili

- minimum əməkhaqqının 18 min rupidən hesablanması

- ictimai sektorla tərəfdaşlıq

- maaşdan əlavə bonus və mükafatlarla ödənişlərin miqdarının artırılması

- BƏT-in 87 və 98 saylı konvensiyalarının dərhal ratifikasiya edilməsi

- həmkarlar ittifaqlarının ərizə verdikləri tarixdən  45 gün müddətində tələblərinə cavab verilməsi

- Hindistan iqtisadiyyatı üçün vacib olan dəmir yolu, sığorta və müdafiə sahələrində yerli investorların  mövqeyinin güclənməsi kimi maddələr yer alıb.

Cavid SƏFƏROV