Çalışanların və çevrədə yaşayanların təhlükəsizliyi diqqətə alınmalıdır


Baxıldı : 40

Tarix : 2019-02-11 04:30:51


Cənubi Afrikanın Keyptaun şəhərində fevralın 4-7-də  İndustriALL Qlobal İttifaqının təşkilatçılığı ilə “Mədən sənayesinin gələcəyi, işçilərin mənafeyi” mövzusunda forum keçirilib. Hökumət və mədən sənayesi şirkətlərində nümayəndələrin də qatıldığı forumda əsas müzakirə Afrikanın davamlı iqtisadi böyüməsində mədən sənayesinin mövqeyi olub. Forumda  “İşçi heyətin və cəmiyyətin gələcəyini  yaxşılaşdırmaq” adlı panelde çıxış edən İndustriALL-ın baş katibinin köməkçisi Kamal Özkan sənayenin  inkişafında texnoloji yeniliklərdən istifadənin önəminə diqqət çəkib. O qeyd edib ki, mədən sənayesində son texnologiyanın tətbiqi işçilərin təhlükəsizliyi ilə yanaşı, yaxın ərazidə yaşayanların  hüquqlarını qorumalıdır: “Mədən sənayesində çalışanlarda davamlı olaraq iş və təhlükəsizliklə bağlı təlimlər keçirilməli, təhlükəsizlik tədbirləri daim diqqətdə saxlanılmalı, əmək şəraiti qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılmalıdır”.

Forumun ikinci günü çalışanların qarşılaşdığı problemlər və şirkətlərdən edilən əsas tələblər gündəmə gətirildi. Çıxış edənlər şirkətlərin öhdəliklərini və  görülməli olan işləri müzakirəyə qoydular. Mədən sənayesi şirkətlərinin nümayəndələri ilə dialoq şəklində toplantı baş tutdu. Burada tələb edilən bir digər məqam isə mədənlərin fəaliyyəti zamanı partlayıcı maddələrin istifadəsində ətrafda yaşayanların təhlükəsizliyi üçün işlər görülməsi idi. 26 ölkədə 500 nümayəndənin qatıldığı forumda mədənlərdə partlayış zamanı yaranan diskomfort vəziyyətin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırıldı.

Forumda çıxış edən həmkarlar təşkilatı və hökumət nümayəndələri mədənçiliyin sosial, ekoloji xərclərinin qarşılanması yönündə hökumətlə  razılaşma əldə  olunması, çalışanların ailələrinin qayğıyla əhatə edilməsi və mədənlərin araşdırılması və istifadəsinin düzgün təşkili barədə nitq söylədilər.