Çaya olan tələbat idxal hesabına  ödənilir Səbəb nədir?


Baxıldı : 53

Tarix : 2018-12-17 04:47:28


Ölkədə çaya olan tələbatın neçə faizi yerli istehsal hesabına ödənilir və xaricdən gətirilən malın yerli istehsalla müqayisədə minimuma endirilməsi üçün nə kimi işlər görülməlidir?

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdir müavini Fərman Kərimov və kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məsələyə münasibət bildirdilər.

F.Kərimov dedi ki, əgər 1,8 kiloqram minimum istehlak səbətini götürsək, 18 min ton çaya ehtiyacımız var. Ancaq hazırda istehsal haradasa 1000 tona yaxındır: “O zaman gərək min ton məhsulu 18 dəfə artıraq ki, bizim öz daxili tələbatımızı ödəsin. Sovetlər dönəmindən sonra çay kollarının hamısı demək olar ki, dağıdıldı. Düzdür, indi təzədən çay plantasiyaları salınır, ancaq təsəvvür edin, bundan məhsul götürmək üçün 5-6 il vaxt lazımdır. Yəni qısa bir müddət ərzində idxalı minimuma endirmək mümkün deyil. Çünki bu, vaxt tələb edən, zamana ehtiyacı olan bir məsələdir. Və dövlət bununla bağlı tədbirlər görür. Belə ki, artıq məsələ ilə bağlı dövlət proqramı qəbul olunub”.

V.Məhərrəmov da öz növbəsində bildirdi ki, çay istehsalı tələbatı təmin edə biləcək qədər olmadığı üçün daha çox idxaldan asılıdır: “Azərbaycanda il ərzində çaya olan  tələbat 18-20 min tondur,  istehsal isə cəmi 700-800 tondur. Ümumiyyətlə məhsuldarlığı artırmaq üçün xeyli işlər görülməlidir və onu da deyim ki, bu sahə kompleks yanaşmanı tələb edir. Belə ki, bunun üçün seleksiya işləri görülməli, torpaqların münbitliyi bərpa edilməlidir. Suvarma sistemi qurulmalı,  lazım olan avadanlıqlar əldə olunmalıdır. Çalışmaq lazımdır ki, avadanlıqların əksəriyyəti ölkə daxilində istehsal olunsun ki, ucuz başa gəlsin. Əldə olunan məhsul isə rəqabətə tab gətirə bilsin. Bundan başqa, peşəkar gənclər yetişdirilməlidir ki, bu işi davam etdirsinlər”.

Ekspert yerli çayın xaricdən gətirilən məhsula nisbətən daha baha olduğunu da dedi. Buna səbəb isə ölkəyə gətirilən çayın keyfiyyətinin aşağı olmasıdır: “İnanmıram ki, idxal olunan çay əsl çaydır. Mən özüm həm də istehlakçıyam, dəfələrlə yoxlamışam. Əsl çayı ətri ilə də bilmək olur. Bizim istifadə etdiyimiz çaylar isə demək olar ki, rəngdir. Təsəvvür edin, bu bizim orqanizmimizə necə mənfi təsir edir. Ona görə də, bizim istehsal etdiyimiz məhsulla idxal edilən məhsul eyni keyfiyyətdə olmadığı üçün bizim məhsul bahadır. Əhalinin əksəriyyəti bilir ki, yerli çay keyfiyyətlidir, ancaq qiymətə görə alıcılıq qabiliyyəti aşağı olduğu üçün ucuz çay almağa məcbur olur. Hətta mən bir məsələyə də toxunmaq istəyirəm. Mağazlarda gördüyümüz yerli qablaşdırmada olan çaylar bizim öz yerli istehsalımız deyil. Onlar xaricdən xammal şəklində gətirilib yerli istehsal adı ilə qablaşdırılan məhsullardır. Bilirsiniz, ümumiyyətlə, bu sahədə aparılan iş elə olmalıdır ki, o sahənin başında duranlar bütün bu prosesi normal qaydada, kompleks şəkildə həll etsinlər. Həm istehsalla, həm keyfiyyətlə, həm də qiymətlə bağlı elə siyasət yeritmək lazımdır ki, əhali digər ölkələrdə olduğu kimi keyfiyyətli məhsulla qidalansın, normal vəsait ödəsin və məhsul orqanizm üçün faydalı olsun. Və bunu da bu sahə üzrə məsul olan şəxs apardığı siyasətlə təmin edə bilər”.

Aliyə SƏMƏDOVA