İcbari tibbi sığortanın tətbiqi vacibdir


Baxıldı : 481

Tarix : 2016-11-14 17:12:00


Manatın məzənnəsinin dəyişməsi dərmanların və təbii ki, tibbi xidmətin də bahalaşmasına səbəb olub. Bunların nəticəsində könüllü tibbi sığorta qiymətlərində 30%-ə yaxın artım olduğu bildirilir. Düşünürsən, 19 ilə yaxındır ki, icbari sığortanın tətbiqi ilə əlaqədar qanun qəbul edilib və hələ bu qanunu müəyyən səbəblərdən yerinə yetirmək mümkün olmayıb. Digər tərəfdən də, könüllü sığortanın qiymətləri artırılıb. Onsuz da vətəndaşlarımızda tibbi sığorta sisteminə inam bir o qədər də yoxdur. Çünki bu işi həyata keçirən sığorta şirkətləri müalicə almaq istəyənləri elə də həvəslə tibb müəssisələrinə göndərmirlər. Bunu öz təcrübəmdə də görmüşəm. Məbləği bir az artıq olan müalicə və tibb aparatlarında yoxlanılmaq istədikdə cidd-cəhdlə çalışırlar ki, müxtəlif bəhanələrlə, məsələn, həkimlə məsləhətləş, yaxud öyrən, gör orada növbə çoxdur, ya azdır, deməklə xəstəni bezdirirlər. Elə tibb müəssisələrinin özündə də sığortalı xəstələr bir o qədər yaxşı qarşılanmır və müəssisənin özündə başdansovduluq halları istənilən qədərdir.Qonşu Türkiyədə, Gürcüstanda həm icbari, həm də könüllü tibbi sığortanın tətbiqi çox yaxşı təşkil edilmişdir. Onların nümunəsi olaraq ölkəmizdə tibbi sığortanı necə qaydasına salmaq olar ki, xəstəlik qorxusu insanlarımızın başının üstünü almasın və müalicə üçün digər ölkələrə üz tutmasınlar. Bəs tibbi sığortanı əsl mənada həyata keçirmək üçün hansı tədbirləri görmək lazımdır? Bununla əlaqədar respublikanın baş fizioterapevti, tibb elmləri doktoru, professor Nadir Hüseynovun fikirlərini bilmək istədik. Professor qeyd etdi ki, ümumiyyətlə, hər iki sığortanın tətbiqində çox gecikmişik. Yaxşı bilirsiniz ki, könüllü tibbi sığortanı fiziki şəxslər deyil, adətən müəyyən imkanı olan dövlət müəssisələri və firmalar elətdirir. Belə hesab edirəm ki, icbari, həm də könüllü sığortada ciddi nəzarət funksiyasını həyata keçirmək lazımdır. Sığorta şirkətlərinin çoxu bu işlə məşğul deyil. Onlar öz vəzifələrini müqavilə bağlamaqla bitmiş hesab edirlər. Göstərilən tibbi xidmətdən xəbərləri olmayır. Hətta elələri də var ki, xəstəni bizə göndərəndə xahiş edirlər ki, çox dərindən yoxlanılmasınlar, bahalı analizlərdən keçməsinlər. Hazırdakı vəziyyət belədir. Vətəndaşlarımızın etibarını qazanmaq lazımdır ki, onlarda tibb müəssisələrinə, həkimlərə inam yaratsın. Sığorta bazarımız zəifdir. Lakin hər cür imkanı olan klinikalar, diaqnostika mərkəzlərimiz var. Əsas vəzifə işin mexanizmini hazırlayıb, təşkilini həyata keçirməkdir.\ Atəşgah\ Sığorta Şirkətinin əməkdaşı Aliyə Atakişiyeva qiymətlərin artması ilə bağlı bildirdi ki, bizdə heç bir qiymət artımı yoxdur. Dərmanın, tibb xidmətinin qiyməti arta bilər, ancaq müqavilə şərtlərinin qiymətlərində artım yoxdur. Ümumiyyətlə, qiymətlər işçilərin sayına, yaş həddinə, qadın və kişilərin say nisbətinə görə müəyyən olunur. Qadınlar çox işləyən müəssisələrdə qiymətlər bir az artıq olur, çünki onlar həkimə daha çox müraciət edirlər. Bu səbəbdən də qiymət artımı məsələsi gündəmə gələ bilər. 20-30 % artımdan söhbət gedə bilməz.Milli Məclisin Əmək və Sosial Siyasət Şöbəsinin eksperti Nicat Xəlilov söhbət zamanı bildirdi ki, icbari tibbi sığortanın ölkəmizdə tətbiqi üçün hər cür şərait yaradılmışdır. Bu işlə məşğul olan xüsusi qurum fəaliyyət göstərir. Hətta bölgələrimizdə də hər cür standartlara cavab verən tibb müəssisələrimiz var. Orada bilikli və təcrübəyə malik həkimlərimiz çalışır. Sadəcə, hər birimiz üzərimizə düşən işi vicdanla yerinə yetirməliyik. Bax, onda hər şeyə nail olmaq olar. Yəqin ki, yaxın vaxtlarda icbari tibbi sığortanın həyata keçirilməsinə başlanacaqdır.İcbari tibbi sığortanın həyata keçirilməsi səhiyyə ocaqlarında olan bir çox problemlərin həllinə də kömək edər. Mühüm bir nəticə də ondan ibarət olar ki, həkimə və müalicəyə ehtiyacı olanlar, nəhayət, istədikləri tibbi xidmət nəticəsində sağlamlıqlarını bərpa edə bilsinlər. Ə.İBADOV