Cəbhədən gələn şad xəbərlər ürəyimizdə açılan dərin yaralara məlhəm olur


Baxıldı : 50

Tarix : 2020-10-17 14:51:50



“Haqq savaşı aparan Azərbaycan əsgərinin hər gün yeni qələbələri bizi çox sevindirir”. Bunu Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Şurasının sədri Allahverdi Alıyev dedi. Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri Mingəçevirə raket atıblar. Nəticədə 5 nəfər yaralanaraq xəstəxanamıza yerləşdirildi. Evlərə isə külli miqdarda ziyan dəydi. Lakin günahsız vətəndaşlarımıza qarşı qəddarcasına terror törədən namərd düşmənin cavabını igid ordumuz cəbhədə layiqli şəkildə verir.  Onların dəqiq açılan atəş zərbələri ilə böyük itkilərə məruz qalan erməni faşistləri vahimə içərisində silah-sursatını atıb mövqelərindən qaçır, ağ bayraq qaldıraraq təslim olurlar.
Allahverdi həkim bildirdi ki, mən və həmkarlarım, demək olar ki, bütün günü xəstəxanada oluruq. Ürəyimizin ordumuzla birgə döyündüyü günlərdə bir dəqiqə belə dincəlmək  istəmirik. Əsgərlərimizə çox böyük qayğı ilə tibbi yardım göstəririk. Şükürlər olsun ki, bura gətirilən yaralı əsgərlərimizdən ölən olmayıb, onların çoxusu artıq  sağalaraq yenidən cəbhəyə qayıdıb. Yaralı igidlərimizdə elə yüksək əhval-ruhiyyə, döyüş əzmi olur ki, biz də baxıb qürurlanırıq. Xəstəxanamız isə hər cür tibbi ləvazimatlarla tam təmin olunub. 
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, əhalimizdə böyük ruh yüksəkliyi var. Tarixən biz top-tüfəngdən qorxan xalq olmamışıq. Cəbhədən gələn şad xəbərlər, Azərbaycan əsgərinin cəsarəti, uğurlu döyüş əməliyyatları illərdir ürəyimizdə açılan dərin yaralara məlhəm olur. Milli Odumuz irəlilədikcə, müstəqillik rəmzimiz olan bayrağımız yüksəkliklərdə dalğalandıqca ürəyimizdəki sevincin həddi-hüdudu olmur.
“Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, faşist güllələrinə tuş gələn mülki vətəndaşlarımızın qanı yerdə qalmır, mərd əsgərlərimiz onların qisasını alır. Biz hamımız ordumuza sonuna qədər güvənirik və əlimizdən gələn hər cür köməkliyi göstərməyə çalışırıq. İndi bütün türk dünyası 30 illik həsrətin bitəcəyi, tamamilə azad olunmuş torpaqlarımızda zəfər bayrağının sancılacağı günü səbirsizliklə gözləyir”,-deyə A.Alıyev bildirdi.