Baxıldı : 205
Tarix : 2019-06-07 13:47:19
AHİK tərəfindən mədəni hamiliyə götürülmüş C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş hərbi idman yarışları keçirilib. İki gün davam edən 5 idman növü üzrə yarışlarda 6 bölükdən 200-ə yaxın idmançı birincilik uğrunda mübarizə apararaq cəldlik, çeviklik və əzmkarlıq nümayiş etdirdilər.
Mübarizənin sonunda xallar hesablanaraq qaliblər müəyyən edildi.
261-ci və 115-ci tağımın kursantları Xəyal Qənbərli və Eltun Quluzadə qaçış üzrə 100 metr məsafəni 12.28 saniyəyə qət edərək I və II yerləri bölüşdülər, 251-ci tağımın kursantı Cavid Ağayev isə 12.35 saniyə nəticə ilə III yerə çıxdı.
Turnikdə dartınma üzrə yarışda 125-ci tağımın kursantı Şamxal Əkbərli 42 dəfə dartınmaqla I yeri, 244-cü tağımın kursantları Murad Mikayılov 37, Əlibala Rzayev isə 36 dəfə dartınaraq II və III yerləri tutdular.
2000 metr məsafəyə qaçışda 123-cü tağımın kursantı Pünhan Hüseynov (7.31 dəq.) I yerə, 264-cü tağımın kursantı Şamil Eyvazlı (7.34 dəq.) II yerə, 261-ci tağımın kursantı Fərid Qasımov (7.36 dəq) III yerə layiq görüldülər.
Qumbaraatma üzrə keçirilən yarışlarda 124-cü tağımın kursantı Nicat Hüseynli qumbaranı 57 metr məsafəyə ataraq birinci oldu. 112-ci tağımın kursantı Sahil Şəmsizadə (56 m.) II, 251-ci tağımın kursantı Elşən Abbasov (53 m.) III pillədə mövqe qazandılar.
Kəndirdartma yarışı isə komandalar arasında keçirilirdi. Bu dəfə 4-cü bölük 9 xalla I yerə nail oldu. 1-ci bölük 8 xalla II yeri, 6-cı bölük 7 xalla III yeri tutdular.
Yarışların yekun nəticəsinə görə, ümumi hesabda 5-ci bölüyün kursantları (51 xal) qalib adını qazandılar və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına kubokun sahibi oldular.
AHİK-in diplom və qiymətli hədiyyələri 2018-2019-cu tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplantıda qaliblərə təqdim ediləcəkdir.
XOŞQƏDƏM BAĞIROVA,
AHİK-in mütəxəssisi