Cəmiyyətin idmançıları fərqləniblər


Baxıldı : 89

Tarix : 2017-06-09 20:38:05


Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə mayın 3-4-də atletika idman növü üzrə Bakı şəhər çempionatı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunan yarışda  "Məhsul" İdman Cəmiyyətinin iki yetirməsi fəxri kürsüdə yer alıb. Cəmiyyətin üzvü Nail Rzayev 3000 metr məsafəyə qaçışda birinci yeri tutub. Atlet bu məsafəni 10,2 dəqiqəyə qət edib.  O, 1500 metr məsafəyə qaçışda ikinci nəticəni göstərib. Cəmiyyətin daha bir təmsilçisi Leonid Kryukov isə bu məsafəyə qaçışda üçüncü olub. Gənc atletlərin yarışa hazırlaşmasında onların məşqçisi Z.Vahabovun da böyük əməyi var.                                                                                                                                                                                                                                           

***

Balakən Olimpiya İdman Kompleksində Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan sərbəst və yunan-Roma güləşləri üzrə 2002-2004-cü il təvəllüdlü idmançılar arasında final mərhələsinə yekun vurulub.

Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər müxtəlif çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar.

"Məhsul" İdman Cəmiyyəti Respublika Şurasının 5 pəhləvanı sərbəst güləş üzrə yarışda mükafatçılar sırasında yer alıb.

Baba Qasımov (63 kq.) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cəmiyyətin digər yetirmələri Əlşaf Əmirov ( 56 kq.) ikinci olub. Vaqif Musayev (29 kq.)  və Ədalət Hümbətov (75 kq.) üçüncü yeri tutublar. Şamaxı rayonundan olan pəhləvanların uğurlu çıxışında məşqçi-müəllim E.Hüseynovun da xidməti var.  

85 kq. çəki dərəcəsində çıxış edən Fərid İsrafilov (Sabirabad rayonu) yalnız final mərhələsində məğlub olaraq ikinci sırada qərarlaşıb. Məşqçi-müəllim S.Mehdiyevin yetirməsi gümüş medala sahib olub. 

Azər MUSTAFAYEV