Cəmiyyətin sabahını hər birimiz düşünməliyik


Baxıldı : 49

Tarix : 2017-01-06 22:30:42


Azərbaycanda oğlan uşaqlarının sayı qızlara nisbətdə artmaqda davam edir. Çox yox, 20 ildən sonra oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. Çünki  hər doğulan oğlan uşağına düşən qızların sayında ciddi fərq müşahidə olunur. Dövlət Statistika Komitəsinin rəsmi saytında verilən statistik göstəricilərə görə, ötən ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 körpə doğulub. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qızdır.

Demoqrafik balansın pozulmasına səbəb nədir və bu, cəmiyyətə necə təsir göstərir?

  Mütəxəssislərin fikrincə, bu balansın pozulması ölkəmizdə ultrasəs müayinəsinin  tətbiqi ilə başladı. Əvvəllər USM yox idi, ona görə də nisbət bu dərəcədə deyildi. Hətta qız uşaqlarının sayında artım var idi.

 "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, hazırda yeni doğulanlar arasında balansın pozulması həm hökumət, həm də ictimaiyyət üçün böyük narahatlıq doğurur: "Bu amil Azərbaycanda  həm də adət-ənənələrin dəyişməsinə gətirib çıxarar. Evlənmək yaşına çatan oğlanlar ailə qurmaq üçün azərbaycanlı tapmayanda əcnəbi qızlarla izdivac edəcəklər. Düzdür, indi də əcnəbi ilə evlənmək yasaq deyil. Ancaq məsələ orasındadır ki, gələcəkdə bu izdivac məcburi xarakter daşıya bilər. Bu da ölkəmizdə nəticə etibarilə cəmiyyətin etnik tərkibində ciddi dəyişikliyə yol açar. Digər tərəfdən, əcnəbi qadınların böyütdüyü uşaqlar nə adət-ənənələrimizi, nə də dilimizi-dinimizi layiqli şəkildə gələcək nəslə ötürə bilməyəcək". 

M. Zeynalova bu problemin yeganə həllini gənc ailələrin sosial rifahının yüksəldilməsində görür. O bildirdi ki, doğulan uşaqlara verilən "uşaq pulu" artırılmalıdır. Problemin abort yolu ilə həll edilməsinə gəldikdə isə Birliyin sədri bunun problemi həll etməkdən daha çox, əlavə problemlər yaradacağını dedi. Onun sözlərinə görə, hər hansı qadağa qanunsuz abortların, cinayətlərin sayını çoxaldacaq. Eyni zamanda küçə uşaqlarının, internat uşaqlarının sayını kəskin şəkildə artıracaq. Abort problemə heç də kompleks yanaşma deyil.

Bu meyilin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də  bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlərin davam etdirilməsinə ehtiyac var.

Əsli ƏHMƏDOVA