Çernobıl qəzasında zərər çəkəhlərin hüquqları


Baxıldı : 46

Tarix : 2018-10-06 05:03:06


XX əsrin ən böyük texnogen fəlakəti sayılan Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycan vətəndaşları da iştirak etmişlər. Xilasetmə işlərini yerinə yetirərkən radiasiyaya məruz qalmış həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ahəsində dövlətimiz tərəfindən ardıcıl addımlar atılır. Çernobıl iştirakçılarının problemlərinin həllində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da öz imkanlarını əsirgəmir. Onlara uzun illərdir ki, hər cür qayğı göstərilir.

AHİK-in İcraiyyə Komitəsinin avqustun 21-də Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə 2018-2022-ci illər üçün tədbirlər planı bu qayğının daha bir təzahürüdür. Tədbirlər planında Çernobıl əlillərinin hüquqi baxımından maarifləndirilməsi məsələsi də əksini tapıb. Aşağıda təqdim etdiyimiz yazıda da Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hüquqlarının müəyyən qismi barədə məlumat veririk.

Çernobıl qəzası nəticəsində zərərçəkmiş vətəndaşların sosial müdafiəsi ilə bağlı münasibətlər “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əmək pensiyaları haqqında”,  “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasının vətəndaşları Çernobıl qəzası nəticəsində onların səhhətinə dəymiş zərərin tam əvəzini almaq, güzəştli tibbi xidmətdən istifadə etmək, radioaktiv maddələrlə çirklənmiş ərazidə işə görə kompensasiya və güzəştlər almaq hüququna malikdirlər.

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. Qanunun əhatə dairəsinə düşən şəxslər 3 kateqoriyaya bölünür və buna uyğun olaraq  onların hüquqları müəyyən edilmişdir.

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslər, o cümlədən:

a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər;

b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər;

v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər);

q) zərərçəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları.

2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.

3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər.