Çernobıl qəzasında zərərçəkənlərin hüquqları


Baxıldı : 57

Tarix : 2018-10-13 21:23:20


(əvvəli ötən sayımızda)

Hər üç kateqoriya üçün, yəni Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslər, 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər üçün “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” AR Qanunu ilə aşağıda qeyd edilən hüquqlar,  kompensasiya və güzəştlər nəzərdə tutulmuşdur:

1. Hər 3 kateqoriya üçün nəzərdə tutulanlar:

-mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq ortaqlıqlarına (kooperativlərinə) ilk növbədə daxil olmaq, hazır bağ evlərini və ya onları tikmək üçün materialları, yüksək tələbat olan sənaye mallarını, o cümlədən minik avtomobillərini, motosikletləri və mühərrikli qayıqları ilk növbədə almaq, məişət xidməti, nəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri, ictimai iaşə, mənzil-kommunal təsərrüfatı müəssisələrinin, rabitə təşkilatlarının xidmətindən ilk növbədə istifadə etmək.

   -pensiyaya çıxdıqda və ya iş yerini dəyişdikdə əvvəllər təhkim olunduğu poliklinikaların xidmətindən istifadə etmək.

   -təhsil alarkən hökmən yataqxana və təqaüdlə təmin edilmək.

   -idarə tabeliyindən asılı olmayaraq, uşaqlarının məktəbəqədər uşaq tərbiyə müəssisələrində, eləcə də musiqi məktəblərində növbədənkənar qaydada yerlə hökmən təmin edilməsi.

-sahibkarlıq fəaliyyətinin təşkili və kəndli təsərrüfatı yaratmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kreditlər almaq.

2.Birinci və ikinci kateqoriya üçün nəzərdə tutulanlar:

-həkim reseptləri üzrə dərman almaq və ildə bir dəfə müalicə olunmaq üçün (nəqliyyat xərcləri daxil olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət almaq.

-müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada diş protezlərini (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) düzəltdirmək.

 -fasiləsiz əmək stajından asılı olmayaraq, müvəqqəti əmək qabiliyyətini itirməyə görə axırıncı iş ilindəki orta əməkhaqqı məbləğində müavinət almaq.

-tibbi göstəricilərə əsasən, azmaaşlı işə keçirilərkən əvvəlki maaşla yeni maaş arasındakı fərqi almaq. Bu fərq əmək qabiliyyəti bərpa edilənədək, yaxud əlillik və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu müəyyənləşdirilənədək iş yerində ödənilir.

-idarə tabeliyindən asılı olmayaraq, uşaqlarının məktəbəqədər uşaq tərbiyə müəssisələrində, eləcə də musiqi məktəblərində növbədənkənar qaydada yerlə hökmən təmin edilməsi.

- fərdi mənzil tikintisi üçün növbədənkənar torpaq və bağ sahələri almaq.

- tibbi şəhadətnaməyə əsasən ahıllar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün internet və xüsusi təhsil müəssisələrində üstün qaydada yerlə təmin edilmək.

3. Birinci və üçüncü kateqoriya üçün nəzərdə tutulanlar:

- işçilərin sayının və ya ştatının ixtisarı zamanı kollektiv müqavilənin və ya əmək müqaviləsinin (kontraktın) şərtləri ilə müəyyən olunmuş qaydada əmək münasibətlərini saxlamaq.

Yuxarıda qeyd edilən kompensasiya və güzəştlərdən istifadə etmək   hüququndan başqa, qanunvericilikdə:

A) Birinci kateqoriya üçün:

- əmək qabiliyyətini müvəqqəti itirmiş işləyən əlillərə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 4 ay dalbadal, yaxud bir təqvim ilində 5 aya qədər müavinət verilir.

- əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq.

-beşgünlük iş həftəsində tam iş gününün haqqını almaqla 6 saatlıq iş günü müəyyən edilməsi. Onlar üçün əlverişli vaxtda məzuniyyət verilməsi.

-növbədənkənar telefon çəkdirmək.

-müalicə-profilaktika müəssisələrinin və apteklərin xidmətindən ilk növbədə istifadə etmək.

B) İkinci kateqoriya üçün:

1.Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı əmələ gələn xəstəlik və ya xəsarət nəticəsində dəymiş və əmək qabiliyyətinin uzun müddət itirilməsinə gətirib çıxarmış zərər fəhlə və qulluqçulara öz əmək vəzifələrini yerinə yetirərkən dəymiş zərərin ödənilməsi halları üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

2. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilmək.

3. İllik məzuniyyətdən onlara əlverişli vaxtda istifadə etmək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla).

Ç) Üçüncü kateqoriya üçün:

1.Yeni yaşayış yerlərində müvafiq dövlət orqanları tərəfindən peşələrinə və ixtisas dərəcələrinə uyğun şəkildə ilk növbədə işlə təmin olunmaq. Bu cür işlə təminetmə mümkün olmadıqda, həmin orqanlar arzularını nəzərə almaqla onları başqa işlə təmin etməli, yaxud təhsil müddətində “Məşğulluq haqqında” qanunda nəzərdə tutulmuş məbləğdə təqaüd verməklə yeni peşə (ixtisas) öyrənmək imkanı yaratmalıdırlar.

2. Fərdi ev tikmək üçün torpaq sahələri almaq.

3.Uşaqlarının məktəbəqədər uşaq tərbiyə müəssisələrində, idarə tabeliyindən asılı olmayaraq müalicə və sanatoriya tipli xüsusiləşdirilmiş uşaq müəssisələrində, digər sağlamlaşdırma müəssisələrində yerlə təminatında üstünlükdən istifadə etmək.

4. Uzun müddət istifadə olunan mallarla təminatda üstünlükdən istifadə etmək kimi hüquqlar, kompensasiya və güzəştlər də nəzərdə tutulmuşdur.