Çətinliklər uğurlara mane olmur


Baxıldı : 41

Tarix : 2017-09-16 00:50:20


Sentyabrın 13-də AHİK-də Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının V qurultayı keçirildi.

Qurultayda Federasiyanın prezidenti Əli Hümbətov hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə deyildi ki, əsasən üzv təşkilatlarımız olan maşınqayırma zavodlarının SSRİ dağıldıqdan sonra fəaliyyətini dayandırması ittifaqımızın sıralarının azalmasına səbəb oldu. Azalma hesabat dövründə də davam etdi. Buna bir-birinin ardınca dünya iqtisadiyyatını bürüyən maliyyə böhranı da təsir göstərdi. Rəqəmlərin dili ilə desək, 2012-ci ildə üzvlərimizin sayı 10133 nəfər idi. 2017-ci ildə isə bu rəqəm 6906 nəfərə düşdü. Bizim üçün nə qədər ağır olsa da, zamanın reallığı ilə barışmalıyıq.

Bizə ümid verən odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizdə metallurgiya və maşınqayırma sənayesinin bərpası və tərəqqisi üçün böyük layihələr həyata keçirilir. Biz gələcəyə ümidlə, inamla baxırıq. Amma gələcəyə ümidlə baxmaqla yanaşı, mövcud imkanlardan da maksimum bəhrələnirik.

İttifaqımızda 36 ilk təşkilat birləşir. Onların 30-da kollektiv müqavilə bağlanıb. Başqa sözlə, kollektiv müqavilə üzvlərimizin 83,3 faizini əhatə edir.

Kollektiv müqavilələrin əsasında Baş Kollektiv Saziş durur. Amma AHİK sədri, millət vəkili Səttar Möhbalıyev bizə, yəni sahə həmkarlar ittifaqlarına həmişə tövsiyə edib ki, kollektiv müqavilə hazırlanarkən Baş Kollektiv Sazişdə təsdiqini tapmış öhdəlikləri minimum hədd kimi götürün: “Siz, təbii ki, müəssisənin imkanları nəzərə alınmaqla, elə öhdəliklər işləyib hazırlamalısınız ki, onlarda üzvlərin maraqları daha çox ifadə edilsin”.

Xidmətimizdə olan müəssisələrin həmkarlar ittifaqı komitələri tərəfindən hörmətli Səttar müəllimin bu tövsiyəsi uğurla həyata keçirilir.

Kollektiv saziş və müqavilələrdə əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının mühafizəsi, gender məsələləri, gənclər və qadın işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, işçilərin sərbəstləşmə şərtləri, sərbəstləşdirilən işçilərin təminatı və onlara kompensasiyaların verilməsi, işçilər və onların ailə üzvlərinin sosial müdafiəsinə dair öhdəliklər konkret şəkildə əksini tapmışdır.

Öhdəliklərin yerinə yetirilməsinə ciddi nəzarət olunur. Məhz buna görədir ki, təşkilati quruluşundan, mülkiyyət növündən asılı olmayaraq hər bir müəssisədə işçilər həmkarlar ittifaqı təşkilatının mövcudluğunu, onların yanında olmasını hiss etmişdir.

Federasiya iş yerlərinin qorunub saxlanması, yeni iş yerlərinin yaradılması, əməkhaqqının artırılması, əmək qanunvericiliyinə əməl edilməsi, əməyin etibarlı şəkildə mühafizəsi, istehsalatda təhlükəsizlik texnikasının vəziyyətinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması və etibarlı şəkildə sığortalanması, həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması istiqamətindəki fəaliyyətində ardıcıl və prinsipial mövqe tutmuşdur.

Məruzədə bildirildi ki, uğurlar çox sayda çətinlikləri dəf etmək hesabına qazanılır. Federasiyanın qərarı ilə "Müəssisələrin, idarələrin, təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində fərdi əmək mübahisələrinə baxılması haqqında əsasnamə" təsdiq olunmuş və bir çox təşkilatlarda artıq belə komissiyalar yaradılmış və fəaliyyət göstərməkdədir. Artıq bu sahədə bizim həmkarlar ittifaqı təşkilatları müəyyən təcrübə toplamışdır.

Məsələn, işəgötürənlər var ki, hələ də həmkarlar ittifaqı təşkilatına müəssisənin bir şöbəsi kimi baxır. Nə qədər qəribə olsa da, bəzi həmkarlar ittifaqı komitələri bu yanaşma ilə barışır və öz qanuni statusunu təsbit etməyə cəhd belə göstərmir. Bir çox təşkilatlarda hələ də həmkarlar ittifaqının seçki, kadr, təşkilati və maliyyə məsələləri işəgötürənlərin göstərişlərinə əsasən həll olunur.

Bir çox işəgötürən üzvlük haqlarını aylarla, bəzən də illərlə təyinatı üzrə köçürmür. Bəzən hətta məhkəmə qətnamələrinə də etinasız yanaşırlar. Təbii ki, biz bu etinasızlıqla barışa bilmərik.

Məruzəçi fikrini konkret misallarla davam etdirdi: 2010-cu ildən bəri xidmətimizdə olan 7 müəssisəyə qarşı üzvlük haqlarının köçürülməsi tələbi ilə məhkəmə iddiası qaldırmışıq.

Natiq Federasiyanın və ilk təşkilatların üzvlərinin ərizə və şikayətləri ilə bağlı gördüyü işlərdən də danışdı. Dedi ki, hesabat dövrü ərzində Federasiyaya 257 ərizə və şikayət daxil olmuş, onlardan 150-si şikayətçilərin maraqlarına uyğun müsbət həll edilmiş, qalan hallarda isə onlara müvafiq yazılı izahatlar verilmişdir.

Həmin dövr ərzində ilk həmkarlar ittifaqı təşkilatlarına 4074 ərizə və şikayət daxil olmuş, onlardan 1611-i ərizəçinin xeyrinə həll edilmiş, 13 nəfər işdən çıxarılmış şəxs işinə bərpa edilmişdir.

Məruzədə Federasiyanın fəaliyyətinin digər istiqamətləri də geniş təqdim və təhlil olundu.

Sonra təftiş komissiyasının hesabatı və məruzə ətrafında çıxışlar dinlənildi.

AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış edərək qurultayda səslənən məsələlərə münasibət bildirdi. Dedi ki, məruzədə və çıxışlarda daha çox üzvlük haqlarının toplanmasında mövcud olan çətinliklərdən danışıldı.

Nəzərinizə çatdırıram ki, AHİK sədri, millət vəkili hörmətli Səttar Möhbalıyevin təklifi ilə Əmək Məcəlləsinə edilən əlavəyə görə, işəgötürən həmkarlar ittifaqı təşkilatının hesabına üzvlük haqqını 4 gün müddətindən gec olmayaraq köçürməlidir. Əks halda o, cərimə ödəməli olur. Bu əlavədən sonra respublika üzrə üzvlük haqlarının köçürülməsi ilə bağlı gecikmələr dəfələrlə azalıb. Tək-tək gecikmə halları varsa, sahə,  rayon və ilk həmkarlar ittifaqı təşkilatları dediyim əlavəyə istinad etməklə işəgötürəni üzvlük haqlarını vaxtında köçürməyə məcbur edə bilər.

Cavanşir müəllim qurultayda qaldırılan digər problemlər barədə də öz fikirlərini söylədi.

Sonda təşkilati məsələyə baxıldı. Əli Hümbətov Federasiyanın prezidenti, Feyzulla Əsədov isə vitse-prezidenti seçildilər.

Qurultay yekdilliklə Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən AHİK sədri vəzifəsinə namizədliyinin irəli sürülüb müdafiə olunması barədə qərar qəbul etdi.

Bəyalı RZAYEV