Çeviklik, təşəbbüskarlıq uğurun rəhnidir


Baxıldı : 62

Tarix : 2019-09-27 17:49:39


Bakıdakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində Mədəniyyət Nazirliyi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinın birgə təşkilatçılığı ilə “Mədəniyyət müəssisələrinin fəaliyyətində həmkarlar ittifaqı komitəsinin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinın sədri Cəmilə Səttarova müəssisələrdə həmkarlar ittifaqının əhəmiyyətindən danışıb. Bildirib ki, həmkarlar ittifaqının məqsədi hər bir əməkdaşın, bütövlükdə kollektivin sosial, əmək hüquqlarını qorumaq, əməyin səmərəliliyinin artırılmasını təmin etməkdir. Bu missiyanı həyata keçirmək üçün həmkarlar ittifaqı fəal mövqe tutmalı, çeviklik, təşəbbüskarlıq nümayiş etdirməlidir. Sağlam rəqabəti dəstəkləməlidir. Fəaliyyətində şəffaflığa xüsusi diqqət yetirməlidir. Hazırladığı, reallaşdırdığı layihələrdə üzvlərin iştirakını təmin etməlidir. Bu sadaladıqlarım kollektivlərdə sağlam əhvali-ruhiyyənin göstəriciləridir. İşçilərin çalışdığı müəssisə qarşısında xidmətlərinin, əməyinin qiymətləndirilməsində, mükafatlandırılmasında ədalət prinsipinin nə dərəcədə gözlənildiyini nəzarətdə saxlamalıdır.

Cəmilə xanım işəgötürənlərlə sıx əlaqədə işləməyi və bu əməkdaşlığın işçilərin maraqlarına yönəltmək bacarığının mənimsənilməsini həmkarlar  ittifaqı liderlərinin başlıca peşəkarlıq meyarlarından olduğunu söylədi.

Mərkəzin əməkdaşı Elnur Hacıbabayev “Mədəniyyət müəssisələrində çalışan əməkdaşların sağlamlığı, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” mövzusunda çıxış etdi.

Mərkəzin direktoru Asif Usubəliyev rəhbəri olduğu təşkilatın həmkarlar ittifaqı komitəsi ilə qarşılıqlı fəaliyyəti və bunun uğurlu nəticələri barədə danışdı.Seminar geniş fikir mübadiləsi ilə yekunlaşdı.