“Cəzasızlıq media azadlığı üçün əsas maneədir”


Baxıldı : 109

Tarix : 2019-11-15 18:34:33


Noyabrın 13-də  Avropa Parlamentinin plenar iclasında jurnalistlərə qarşı cinayətlərin cəzasız qalması və sağlam bir demokratik sistemə sahib olmaq üçün onları qorumağın vacibliyi müzakirə olunub.

Bildirilib ki, bu yöndə Afrika və Latın Amerikası ölkələrində vəziyyət daha ağır olsa da, Avropa ölkələrində də jurnalistlərə qarşı cinayət törədənlər çoxdur və bəziləri  qanunvericilikdə müəyyən olunmuş cəza ilə məhkum olunmur. Bu kimi hallar jurnalistlərin fəaliyyətini və söz azadlığını kölgədə qoyur.

Çıxış edən Finlandiyanın  Avropa Parlamentindəki nümayəndəsi Tytti Tuppurainen bildirib ki, “Cəzasızlıq media azadlığı üçün əsas maneədir”. Qoyulan senzuralar və jurnalist qətlində günahkar bilinənlərin cəzasız qalması Avropa ictimaiyyətinin etirazına səbəb olur: “Avropadakı söz azadlığını, o cümlədən jurnalistlərin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur. Mətbuat azadlığı demokratiyamız üçün zəruridir. Biz üzv dövlətlərimizdə ifadə azadlığına hörmət etməyən siyasi təzyiqə qarşı çıxırıq. Avropa Şurası jurnalistlərə qarşı zorakılığın artmasını qətiyyətlə pisləyir”.

Sonda jurnalistlərin təhlükəsizliyinin təşkili üçün müstəqil qaynar xəttin yaradılmasının zəruriliyi vurğulandı.

Cavid SƏFƏROV