Ciddi qanun pozuntuları aşkar olunmamışdır


Baxıldı : 156

Tarix : 2019-12-28 06:18:29


Dekabrın 17-də “İnşaat-İş” Həmkarlar İttifaqının VI Məclisi olmuşdur. Sahə həmkarlar ittifaqının sədri Umud Hüseynov Məclis iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdi.

Məclisə yeni üzvlərin namizədliyi təqdim və təsdiq olundu.

Sonra o, dövlət başçısının apardığı sosial və kadr islahatlarından danışdı. Sahə həmkarlar ittifaqının üzvlərinin bu sosial və kadr islahatlarına dəstək olduqlarını bildirdi. Qeyd etdi ki, 2019-cu ildə də ittifaqımızda işçilərin sosial-iqtisadi maraqlarının müdafiəsi, iş yerlərinin normal şəraitdə olması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər planı işlənib hazırlanmış və həyata  keçirilməkdədir. Umud müəllim bu tədbirlərin bir qismini Məclis iştirakçılarının diqqətinə çatdırdı.

Məruzə ilə çıxış edən ittifaqın baş texniki əmək müfəttişi Əliəddin Məmmədov bildirdi ki, müəssisə və təşkilatlarda keçirilən yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar olunmamışdır. Müəssisə və təşkilatların rəhbərləri ilə birgə fəaliyyət xeyli gücləndirilmiş, kollektiv müqavilələr bağlanarkən güzəşt və imtiyazlara geniş yer verilmişdir. Maarifləndirmə işi müntəzəm xarakter almışdır. Belə ki, ittifaqımızın təşkilatçılığı ilə “Üzv müəssisə və təşkilatlarda kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının rolu”, “İstehsalın inkişafı - sosial məsələlərə diqqətdən asılıdır”, “Azərbaycanda məşğulluq məsələləri və həmkarlar ittifaqlarının vəzifələri” mövzularında seminarlar, dəyirmi masalar keçirilmişdir. Seminarlarda deyilmişdir ki, kollektiv müqavilələrdə əksini tapan öhdəliklərin icrasından həm işəgötürən, həm də işçi faydalanır. Sağlam iş şəraiti yaranır. İstehsal göstəriciləri yüksəlir, müəssisə və işçilərin gəlirləri çoxalır.

Həmçinin qeyd olunmuşdur ki, məşğulluq məsələlərini aradan qaldırmaq üçün ilk növbədə qeyri-formal əmək münasibətləri tənzimlənməlidir. Daimi iş yerlərində müddətli əmək müqavilələri bağlanılmalı, müddətsiz əmək müqavilələri müddətli müqavilələrlə əvəz edilməlidir.

Üzv idarə və müəssisələrdə  kollektiv müqavilə hazırlanarkən tərəfdaşlarımızla aparılan danışıqlar zamanı çox vaxt müsbət nəticələrə nail olunur. Bu da sahə həmkarlar ittifaqının üzv təşkilatlarında nüfuzunu artırır. Natiq misal olaraq dedi ki, “Holcim” şirkətləri arasında ən yaxşı nümunəvi saziş məhz “Holcim-Azərbaycan” ASC - həmkarlar ittifaqı arasında bağlanmışdır. Bu da “İnşaat-İş” Həmkarlar İttifaqının verdiyi məsləhət və tövsiyələr sayəsində mümkün olmuşdur.

O, bu nümunədən digər üzv təşkilatların da bəhrələnməsini tövsiyə etdi.

Məruzədə bildirildi ki, işçilərin əməyinin ödənilməsi, əməkhaqlarının vaxtında verilməsi daim diqqət mərkəzində saxlanılır.

Ə. Məmmədov daha sonra bildirdi: “AHİK

 sədri, millət vəkili Səttar Möhbalıyev demişdir: “Həmkarlar ittifaqının əsas məram və fəaliyyəti gənclərə daha dolğun izah olunmalıdır. Gənclərlə səmimi münasibət qurulmalıdır”. Biz bu tövsiyəni işimizin başlıca prinsiplərindən biri kimi qəbul edir və uğurla həyata keçiririk. Təsadüfi deyil ki, təşkilatımız olan “Lafarge Holcim (Azərbaycan)” ASC-nin təmirçi-çilingəri, həmkarlar ittifaqı fəalı Ruslan Əmrahov AHİK-in keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsində xüsusilə fərqlənmiş, qalib adına layiq görülmüşdür.

İttifaqın Gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədri Sevinc Hüseynova sahə müəssisələrində çalışan zərif cinsin nümayəndələrinin əmək və sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı işində fəallığının artırılması istiqamətində atılan addımlardan söz açdı.

Məclis 2020-ci il büdcəsini və ştat cədvəlini, iş planını təsdiq etdi.

Sonda bir qrup ittifaq üzvünə əməkdə və ictimai işlərdə fərqləndiyinə görə Fəxri fərmanlar təqdim olundu.