Çıxış yolu birgə əməkdaşlıq və qarşılıqlı anlaşmadan keçir


Baxıldı : 55

Tarix : 2017-11-10 21:56:05


Dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə, cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır.

Təhsil üzrə ekspert Nadir İsrafilov qəzetimizə verdiyi müsahibədə dedi ki, dərsliklərdə jarqon və vulqar ifadələrə, ara sözlərə, elmi səhvlərə, metodiki təhriflərə, texniki qüsurlara yol verilməsi halları hələ də davam edir: "Dərsliklərdə olan səhvlər nəinki təhsilimizə, bütövlükdə cəmiyyətimizə baş ucalığı gətirmir. Bununla bağlı bu sahəyə diqqətin nə dərəcədə vacibliyi barədə ciddi bir siqnal oldu ki, Təhsil Nazirliyinin səmimi etirafı və dərhal problemə reaksiyası da anlaşılandır. Halbuki, uzun illər bu kimi hallar nəzərə alınmırdı. Bir də ki, dərsliklərin yazılması üçün müəlliflərin seçimi nəşriyyatların öz öhdəsinə buraxıldığından günahkar qismində təkcə Təhsil Nazirliyini ittiham etmək də bir o qədər real görünmür".

Ekspert bildirdi ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq: "Təhsil sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu mənada dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də Təhsil Nazirliyini məsuliyyətdən azad etmir. Çıxış yolunu birgə əməkdaşlıq və qarşılıqlı anlaşmanın nəzərə alınmasında, "Dərslikləri Qiymətləndirmə Şurası"nın fəaliyyətinin gücləndirilməsində, ehtiyat dərsliklərin hazırlanmasının sürətləndirilməsində, ən başlıcası isə dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm".

Aliyə SƏMƏDOVA