Əcnəbilərin ölkəmizə axını məhdudlaşdırılır


Baxıldı : 353

Tarix : 2015-01-10 04:24:00


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının və ölkəyə gəlişinin qarşısının alınması məqsədi ilə Tədbirlər Planı hazırlayır. Plana əsasən, iqtisadiyyatın müxtəlif sahələrində çalışmaq üçün yalnız peşəkar və yüksəkixtisaslı, müasir idarəetmə təcrübəsi olan xarici işçi qüvvəsinə Azərbaycanda işləməyə icazə veriləcək. Fəaliyyəti qənaətbəxş olmayan işçilərin yerli müəssisələrdə çalışması qadağan olunacaq. Həmin müəssisələrdə yerli əmək ehtiyatlarından istifadə olunacaq, milli kadrlar irəli çəkiləcək. Dövlət başçısının müvafiq tapşırığına əsasən, əmək miqrasiyası kvotasının sərtləşdirilməsi və ölkədə innovativ rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksəkixtisaslı milli kadrların hazırlanması nəzərdə tutulur. Həmin ixtisaslar üzrə əcnəbi kadrlar üçünsə kvota tətbiq olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Əmək Bazarının Tənzimlənməsi Şöbəsinin müdiri Vahab Məmmədov bildirib ki, ölkədə xarici işçilər üzrə kvota 12 min nəfər təşkil edir. Onların müəyyən hissəsi peşəkar və çalışdıqları müəssisələrin müasir iş fəaliyyətinə, tələblərinə cavab verir. Amma elə sahələr var ki, orada əcnəbiləri yüksəkixtisaslı və xarici ölkələrdə təcrübə keçmiş milli kadrlarla əvəz etmək olar. Bu baxımdan kvota müəyyən olunarkən həmin məsələlər nəzərə alınacaq. Vətəndaşların Əmək Hüquqlarının Qorunması Liqasının rəhbəri Sahib Məmmədovun fikrincə, dövlətin əmək miqrasiyası ilə bağlı qaydaları sərtləşdirməsi yerli işçi qüvvəsinin rolunun artmasına, milli kadrların peşəkarlığının yüksəlməsinə və ölkədən xaricə valyuta axınının qarşısının alınmasına səbəb olacaq. Həmçinin əmək bazarında yüksək maaşlı sahələrdə öz kadrlarımızın təmsil olunmasına imkan yaranacaq. Hazırda yerli və transmilli şirkətlərdə çoxlu sayda əcnəbi işçi qüvvəsi çalışır ki, onların əksəriyyətinin bilik və bacarığı, peşəkarlığı öz milli kadrlarımızdan heç də üstün deyil. Bu amil öz kadrlarımızın aşağı maaşlı işlərdə çalışmasına səbəb olur. Bu baxımdan əmək miqrasiyası kvotasının sərtləşdirilməsi yerli işçi qüvvəsinin ön plana keçməsi üçün yaxşı fürsət yaradacaq. ELBRUS