Cocuq Mərcanlını ziyarət etdilər


Baxıldı : 165

Tarix : 2017-12-22 23:23:27


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və bir neçə rayon komitəsinin əməkdaşları dekabrın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində olmuşlar.

Qonaqlar əvvəlcə qəsəbə məktəbinə getmiş, sinif otaqlarını, kitabxananı, idman zalını nəzərdən keçirmişlər. Sonra müəllimlərin və şagirdlərin iştirakı ilə toplantı keçirmişlər. Toplantıda Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış etmişdir. O, tədbir iştirakçılarına AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırdı.

Dedi ki, hörmətli sədrimiz Qarabağ probleminin həllini, məcburi köçkünlərin qayğılarını həmişə diqqət mərkəzində saxlayır. Bu problemə istər beynəlxalq tədbirlərdə, istərsə də xarici ölkələrin həmkarlar ittifaqı liderləri ilə görüşündə geniş yer ayırır. Həm Respublika Komitəsi, həm də üzv təşkilatlarımız dövlət, milli, dini bayramlarda məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərə gedir, şəraitlərini, istəklərini öyrənirlər.

Mirzə müəllim çıxışının sonunda cocuq mərcanlıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi. Bildirdi ki, həmkarlar ittifaqı təşkilatı hər an sizin qayğılarınızla yaşamağa hazırdır.

Məktəbin direktoru Zamin Həziyev çıxış edərək dedi ki, Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında salınmış Cocuq Mərcanlı qəsəbəsi strukturu baxımından olduqca rahat yaşayış məntəqəsidir.

Əhalinin normal yaşayışı, fəaliyyəti üçün hər cür şərait var. Məktəbimizin binası da ürəyimizcədir. Özünüz də gördünüz ki, burada səliqəli sinif otaqları, geniş idman zalı, xüsusi zövqlə hazırlanmış kitabxana və sair var. Sinif otaqları müasir texniki avadanlıqlarla təchiz olunub. Gələcəkdə qəsəbədə əhalinin sayı artdıqca məktəb binasının da həcminin genişləndirilməsi mümkün olacaq. Yəni yeni tədris korpusu tikiləcək. Biz dərslərdə şagirdlərə mükəmməl elm verməklə yanaşı, onlarda Azərbaycana, həmçinin qəsəbəmizə məhəbbət hissləri də aşılayırıq. Hər bir şagird əmindir ki, digər qəsəbə və kəndlərimiz də erməni işğalından azad ediləcək. Çünki bizim iradəli, müdrik Ali Baş Komandanımız, igid əsgərlərimiz, vətənpərvər xalqımız var.

Bir qəsəbə sakini olaraq iftixar hissi duyuram ki, bütün ölkə bizim həyatımızla maraqlanır. O, cümlədən də həmkarlar ittifaqı. Bu gün sizin burada olmağınız bizə yeni impuls verdi.

Xahiş edirəm ki, bizə bağışladığınız xoş saatlara, gətirdiyiniz hədiyyələrə görə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə minnətdarlığımızı çatdırasınız.

Çıxışlar başa çatdıqdan sonra qonaqlar məktəbə bayram bağlamaları, məktəb və məişət ləvazimatı bağışladılar.

Sonda M.Cəfərzadə məktəbin xatirə kitabına ürək sözlərini yazdı.

Səfər qəsəbə ilə tanışlıqla başa çatdı.