“Çox ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir”


Baxıldı : 52

Tarix : 2018-07-06 23:42:37


İyulun 3-ü və 4-də ölkəmizdə elektrik enerjisinin verilişində fasilə yaranması bir sıra problemlər yaratsa da, onun fəsadları az müddət sonra aradan qaldırıldı.

Hadisə dərhal dövlət başçısının nəzarətinə götürüldü, o, qəzanın səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılması barədə Sərəncam imzaladı. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Ölkə başçısı iki gün ərzində ictimaiyyət arasında yaranmış gərginliyə və çətinliyə görə müvafiq qurumların rəhbərlərindən hesabat tələb edərək məsul şəxslərə öz iradlarını bildirdi. Prezident dedi ki, mövcud enerji probleminin fəsadlarını aradan qaldırmaq üçün yaradılmış Dövlət Komissiyasının əsas vəziflərindən biri məsələni araşdırmaq və qəzanın səbəblərini, günahkarları aşkar etməkdir. 

Prezident İlham Əliyev qeyd etdi ki, enerji sahəsində yaranmış fasilə ölkə iqtisadiyyatına ciddi zərər vurub, əhali bu hadisədən əziyyət çəkib, ölkənin enerji infrastrukturu zərər görüb. Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək.

Məsələ ilə əlaqədar millət vəkilləri, iqtisadçılar öz fikirlərini bildirib və baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında dövlət-xalq birliyini yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, heç bir dövlət texnogen hadisələrdən sığortalanmayıb və Azərbaycan da istisna deyil. Ancaq dövlətin gücü həmin hadisəyə hazırlığı və onun fəsadlarını tez və səmərəli halda aradan qaldıra bilməsindədir.

İndiyə qədər dövlətimizin güclənməsi istiqamətində görülən işlər bu hadisələrdə özünü göstərə bildi. Azərbaycanın dövlət strukturları enerji kəsiminə dərhal reaksiya verdilər.

Yarımstansiyadakı mürəkkəb yanğın tez söndürüldü və bərpa işlərinə başlanıldı. Elektrik enerjisinin bərpası üçün işlər görüldü. Dövlət orqanları hadisə və onun aradan qaldırılması barədə cəmiyyətə mütəmadi məlumat verirdilər və insanlar çaşqın qalmadılar.

Metropolitendə elektrik enerjisi kəsildikdə Bakı Nəqliyyat Agentliyinin avtobusları insanları ödənişsiz daşımağa başladı. Həmçinin səhiyyə və yanğından mühafizə sistemləri də istənilən fövqəladə vəziyyətə hazır idi.

Polis orqanları həmin situasiyada ictimai asayişi yüksək səviyyədə qorudu. 3-4 iyul hadisələrinə cəmiyyətimiz yüksək hazırlığını ortya qoydu.

Millət vəkili Aydın Hüseynov  vurğulayıb ki, ölkə başçısının tapşırığına əsasən yaradılan komissiya hadisənin səbəblərini araşdıracaq: “Həmçinin Prezident İlham Əliyev gələcəkdə bu cür halların baş verməməsi üçün məmurlara xəbərdarlıq etdi. Eyni zamanda iyulun 4-də müşavirə keçirildi və bu cür qəza hallarında məsuliyyətli olan hər kəsin vəzifələrini dərk etməsi mövzusunda müzakirə aparıldı. Cənab Prezident qəti mövqeyini bildirdi ki, yaranmış vəziyyətlə bağlı məsuliyyətsiz davranan şəxslər cəzalandırılacaq. Dövlət Komissiyası Prezidentin müəyyənləşdirdiyi istiqamətdə öz fəaliyyətini quracaq. İlk növbədə ölkənin dayanıqlı, fasiləsiz enerji ilə təmin olunması istiqamətində işlər görüləcək. Bu hadisə göstərdi ki, enerji təminatında yaranan adi problem belə, vətəndaşların gündəlik həyatına təsir göstərir. Hətta ölkənin iqtisadiyyatında problemlər yarandı.

Ona görə ölkənin enerji təchizatı ilə bağlı müasir texnologiyalar öyrənilib tətbiq edilməlidir. Nəzarət sistemi daha da təkmilləşdirilməlidir. Alternativ enerji mənbələrindən istifadə olunması ilə bağlı kompleks tədbirlər görülməlidir”.

Millət vəkili Tahir Mirkişili bildirib ki, bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan da böyükdür: “Qəzanın səbəblərini ölkə Prezidenti tərəfindən yaradılmış komissiya araşdırır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcəkdir. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.

İqtisadçı-ekspert Vüqar Bayramov dedi ki, bu sahəyə yönəldilən investisiya həcmi böyükdür. 2010-2017-ci illər arası “Azərenerji” xətti ilə enerji sektoruna 1,9 milyard manatdan artıq investisiya qoyulub. Və bu investisiyanın böyük bir hissəsi 2010 və 2014-cü illəri əhatə edir: “Belə ki, sözügedən dövrdə həmin enerji sektoruna 1,6 milyard manatdan çox investisiya yönəldilib ki, bu da əvvəlki məzənnə ilə 2 milyard dollardan artıq vəsait edir. Və eyni zamanda “Azərenerji”nin təxminən 2 milyard manata yaxın borc öhdəliyi var və digər öhdəlikləri də nəzərə alsaq, bu, ümumi 2,4 milyard manatdır. Praktiki olaraq bu öhdəliklərin müəyyən bir hissəsi xarici borclardır. Və 2018-ci ilin dövlət büdcəsindən “Azərenerji”nin xarici borclarının qaytarılması istiqamətində 1,4 milyon manat vəsait ayrılıb. Göründüyü kimi, rəqəmlər ondan xəbər verir ki, bu istiqamətdə yönəldilən investisiyanın həcmi kifayət qədər böyük olub, amma bu, baş verən məlum səbəblərdən sığortlanmağa imkan vermədi. Güman olunur ki, investisiya qoyuluşunun səmərəli olmaması, şəffaf şəkildə investisiya qoyuluşunun həyata keçirilməməsi enerji sektorunun modernləşməsinin qarşısını alıb. Belə ki, Mingəçevirdə istifadə edilən avadanlıqların böyük bir qismi ya keçmiş SSRİ dövründən qalan,  ya da Rusiyadan idxal edilən avadanlıqlardır. Bu gün rəsmi statistikaya əsasən, Mingəçevir enerjiyə olan tələbatın 60 faizini ödəyir, amma real rəqəm daha böyükdür. Elə son hadisə də ölkənin enerjiyə olan tələbatının Mingəçevirdən asılı olduğunun bariz nümunəsidir”.