Çoxnövçülük idmanı üzrə çempionat


Baxıldı : 56

Tarix : 2019-03-07 05:30:18


Fevralın 20-22-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı və İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

Respublika Olimpiya Mərkəzində təşkil olunan tədbirdə çıxış edən FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov əvvəlcə Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən söhbət açıb, 27 il bundan əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin heç bir zaman yaddaşlardan silinməyəcəyini bildirib.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anılıb.

Çempionatda ümumilikdə 16 komandadan 70-ə yaxın idmançı iştirak edib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası tutub.

Şəxsi göstəricilərə görə isə birinci yerə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Saleh Qurbanov (Qarabağ Regional Mərkəzi), üçüncü yerə İsmayıl Qurbanzadə (Mülki Müdafiə Qoşunları) layiq görülüb.

FHN İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu bildirib.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.