Cüdoçularımız tarix yazıblar


Baxıldı : 49

Tarix : 2017-09-29 23:39:15


Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində milli komandamız parlaq qələbələr qazanıb.

Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Təmsilçilərimizdən fəxri kürsünün ən yüksək pilləsinə Kəramət Hüseynov (60 kq.), Hidayət Heydərov (73 kq.) və Zelim Kotsoyev (100 kq.) qalxıblar. Gümüş mükafatları millimizə Rəşxan Baxışəliyev (55 kq.) və Murad Fətiyev (73 kq.) yazdırıblar. Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq.) və Nəzakət Əzizova (52 kq.) isə çempionatın bürünc medallarını qazanıblar.

Qeyd edək ki, 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.

Kişilərdən ibarət yığmamız isə komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixində ilk dəfə Avropa çempionu adına layiq görülüb.

"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi olan Kəramət Hüseynov da qızıl medal qazanan cüdoçularımızdan biridir. Xatırladaq ki, son dövrlər cəmiyyətin idmançılarının uğurları artmaqdadır. Təcrübəli məşqçilər yetirmələrinin peşəkar idmançı kimi püxtələşməsində, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələrində böyük əmək sərf edirlər. Təsadüfi deyil ki, yüksək səviyyəli turnirlərdə, mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil edən idmançılar arasında cəmiyyətin yetirmələrinin sayı yetərincədir.  İdman cəmiyyəti xüsusilə təkbətək döyüş növləri üzrə idmançıların hazırlanması sahəsində zəngin təcrübəyə malikdir. Cüdo idman növü də cəmiyyətin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Qazanılan uğurlar bunu deməyə əsas verir.

 

Azər MUSTAFAYEV