Cüdoçularımız uğurlu çıxış ediblər


Baxıldı : 174

Tarix : 2019-07-08 07:14:17


İyunun 30-da Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunları sona çatıb. İkinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.

Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub. Ölkəmizə medal qazandıran idmançılar arasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları (AHİT) İctimai Birliyinə daxil olan idman cəmiyyəti və klublarının yetirmələri də var.

Cüdo yarışlarında ölkəmizi təmsil edən “Atilla” İdman Klubunun yetirmələri Rüstəm Orucov ( 73 kq.) və Elmar Qasımov (-100 kq.) uğurlu çıxışları ilə yadda qalıb. Oyunlarda Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini məğlub edib. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Bu mərhələdə erməni idmançı Ferdinand Karapetyana qalib gələrək adını yarımfinala yazdırıb. Yarımfinalda yunanıstanlı Georgios Azoidisi də  ipponla yenərək finala çıxıb. Finalda isveçli Tommi Makiasa uduzan Rüstəm gümüş medal qazanıb. Elmar Qasımov (-100 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.