Cüdoçularımızın zəfəri


Baxıldı : 38

Tarix : 2017-09-08 17:33:49


Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında dörd medal (iki gümüş və iki bürünc) qazanıblar. Mükafatçılar arasında "Atilla" İdman Klubunun üç yetirməsi də var. Klubun idmançıları Orxan Səfərov və Rüstəm Orucov gümüş, Elmar Qasımov isə bürünc medala sahib olublar.

Yarışın ilk günündə tatami üzərinə çıxan Orxan Səfərov (60 kq.) Bolqarıstan, Portuqaliya, Qazaxıstan və Özbəkistan cüdoçularına qalib gələrək finala çıxıb. Orxan bu görüşlərdən üçündə rəqiblərini ippon fəndi ilə məğlub edib. Lakin final görüşündə Səfərov güclü yapon rəqibinə uduzaraq gümüş medal qazanıb.

73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov da ilk görüşünü qələbə ilə başa vurub. Məğlubiyyətsizlik seriyasını finala qədər davam etdirib. Finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşan idmançımız qızıl xalla birinciliyi əldən verib və ikinci yerlə kifayətlənməli olub.

Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki titullu cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb. Komanda yoldaşı olan rəqibini vaza-ari xalı ilə məğlub edən Elmar dünya çempionatını üçüncü yerdə başa vurub.

Azər MUSTAFAYEV