Cümhuriyyətimizin dövlətçilik tarixində mühüm yeri


Baxıldı : 56

Tarix : 2020-05-22 06:19:10


Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini göstərmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.

“AXC-nin 23 aylıq mövcudluğu ərzində Azərbaycanın ictimai, siyasi həyatında, dövlətçiliyin müxtəlif sahələrində təməl addımlar atıldı”. Bunu tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qəzetimizə verdiyi açıqlamasında bildirdi. O dedi ki, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyi tarixində mühüm yeri vardır: “O yer bir neçə şərtlə müəyyənləşir. İlk növbədə bu, Azərbaycan dövlətçiliyinin itirilməsindən keçən bir əsrdən sonra yenidən bərpa olunması baxımından çox önəmli bir hadisə idi. Digər tərəfdən, yenidən bərpa olunan Azərbaycan dövlətçiliyi məhz cümhuriyyət, yəni respublika formasında təşəkkül tapdı. Bu özü çox önəmli bir hadisədir. Çünki bu təkcə Azərbaycan xalqına aid bir fövqəladə hadisə deyildi. Bu, tarixdə türk aləmində və bütün islam aləmində ilk yaradılan respublika idi. Beləliklə, hakimiyyət bölgüsü keçirildi, parlament formalaşdırıldı. Azərbaycan türk-müsəlman şərq aləmində Avropa tipli ilk parlament kimi tarixə düşdü. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının adı ilə bağlı islam dünyasında ilkə imza atmış bir çox hadisələr olub. Həmin dövrdə Azərbaycanın milli dövlət quruculuğunun təməl addımları atılırdı. Təbii ki, ilk növbədə yenicə bəyan edilmiş Azərbaycan Cümhuriyyəti qarşısında dayanan birinci vacib məsələ Azərbaycanın paytaxtı olan Bakı şəhərini azad etmək idi. Lakin nə maliyyəsi, nə ordusu olmayan, eyni zamanda öz ərazisində belə elan edilməyən bu Azərbaycan Cümhuriyyəti ilk növbədə Bakı uğrunda savaşa başlamalı idi. Amma ordu formalaşdırmaq üçün geniş imkanı yox idi və belə bir şəraitdə qardaş Osmanlı dövlətinə yardım üçün müraciət edildi. İyunun 4-də imzalanmış “Sülh və dostluq haqqında müqavilə”nin 4-cü bəndinə əsasən, Qafqaz İslam Ordusu adlanan, əsasən Osmanlı hərbi hissələrindən ibarət olan və Əlahiddə Azərbaycan korpusu-Müsəlman korpusunun da qatıldığı bir ordu formalaşdı. Və 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Bu, Azərbaycan Cümhuriyyətinin elan olunması qədər önəmli bir hadisə idi.

Onu da qeyd edim ki, həmin dövrdə fəhlələrin məsələsi də hər zaman Azəbaycan parlamentinin, hökumətinin diqqətində olmuşdur. Bununla əlaqədar fəhlə konfransları keçirilirdi. Müsəlman fəhlə konfranslarında cümhuriyyətin aparıcı xadimləri, o cümlədən Azərbaycan milli hərəkatının rəhbəri Məhəmməd Əmin Rəsulzadə mütəmadi çıxışlar edirdi. Müsəlman həmkarlar ittifaqının fəaliyyəti və formalaşması cümhuriyyət dönəmində önəmli hadisələrdən biridir ki, bu işdə Cavad bəy Məlikyeqanovun da adını xüsusi çəkməliyik. Çünki onun müsəlman həmkarlar ittifaqının formalaşmasında böyük əməyi keçmişdir. Məhz həmkarlar ittifaqının xətti ilə Azərbaycan dövlətçiliyinin dəstəklənməsində həmin dönəmdə böyük töhfələr verilmişdir”.

Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də sovet rusiyasının 11-ci ordusunun hərbi müdaxiləsi ilə süquta uğrasa da, onun demokratik prinsipləri bir dəyərə çevrildi. Azərbaycan milli məfkurəsi yaddaşlardan silinmədi. Bu gün Azərbaycan müstəqil, suveren bir dövlətdir və konstitusiya aktında təsbit olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

 

Aliyə SƏMƏDOVA