Çünki “Dağlıq Qarabağ Azərbaycandır!” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyevlə müsahibə


Baxıldı : 191

Tarix : 2020-09-25 19:09:01


  - Səttar müəllim, artıq dünya siyasi arenasında da etiraf olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diplomatiyanın qrossmeysteri səviyyəsinə yüksəlib. İncə və sərrast, xeyli irəliyə hesablanan, məqamında etdiyi diplomatik gedişlər beynəlxalq aləmdə dövlətimizin mövqeyini daha da möhkəmləndirir, sözünün kəsərini artırır. Mənə elə gəlir ki, cənab İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sonuncu iclasında etdiyi məzmunlu, kəsərli, cəsarətli çıxış da bu dediklərimə əyani sübutdur.

  - Tamamilə doğrudur. Bu ölkənin vətəndaşı kimi, özünüz də yaxşı bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli iclas Azərbaycan üçün gərgin və kritik məqamlarla dolu günlərə təsadüf etdi. Sentyabrın 21-də videoformatda keçirilən bu tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üzv dövlətlərin liderlərini, beynəlxalq qurumların məsullarını ölkəsinin məruz qaldığı hərbi təcavüz barədə məlumatlandırmaqla yanaşı, dünya siyasi arenasında ədalət prinsiplərinin bərpası uğrunda yenidən səfərbər olmağa çağırdı.

Dedi ki, BMT-nin Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. Əks halda insan hüquqlarının pozulması, maliyyə böhranları, ekologiyanın pisləşməsi, silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm və sair davam edəcək, bu anormal hallardan milyonlarla insan həyatını itirəcək və əziyyət çəkəcək.

Cənab İlham Əliyev açıq mətnlə BMT-nin Baş Assambleyasının, Təhlükəsizlik Şurasının fəaliyyətinin artıq müasir dövrün tələblərinə cavab vermədiyini diqqətə çatdırdı.

Dünya dövlətlərinin hazırkı georeallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd etdi.

Bu cəsarətli iradları, təklifləri ancaq dünya siyasətində xüsusi çəkiyə malik, beynəlxalq proseslərin fəal iştirakçısı olan, nüfuzlu dövlətlərin başçıları edə bilər. Azərbaycan, xüsusilə son onilliklərdə, uğurlu iqtisadi, sosial və beynəlxalq siyasəti sayəsində bu hüququ qazanmışdır.

- Əlbəttə, hər bir dövlət bu hüququ qazanmaq istəyər, amma hər bir dövlət buna nail ola bilmir. Bundan ötrü xüsusi, əlahiddə liderlik istedadına malik başçı lazımdır. Qədim Çin filosofu Konfutsi lider üçün əsas meyar mənəviyyatı götürürdü. Deyirdi: “Bir idarəçi bütün cəmiyyət üçün mənəvi nümunə” olmalıdır. Cənab İlham Əliyevin yüksək intellekti, saf mənəviyyatı ona imkan verdi ki, sovet imperiyasının dağıntıları altından çıxmış Azərbaycanı indiki mövqeyinə gətirə bilsin.

- Sözünüzün davamı olaraq deyim ki, ötən yaxın illərə nəzər salsaq Azərbaycanın pilə-pillə, lakin möhkəm addımlarla dünya siyasətinin zirvələrinə addımladığının şahidi olarıq. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu “müstəqil siyasət” prinsipini rəhbər tutan İlham Əliyev xalq tərəfindən prezident seçildiyi 2003-cü ildən bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr qurmağa üstünlük verdi. İqtisadiyyatın hələ yenicə inkişaf mərhələsinə qədəm qoymasına, ölkənin müharibə vəziyyətində olmasına, böyük dövlətlərin təzyiqlərinə baxmayaraq, hansısa dövlətin boyunduruğu altına girməyi müstəqilliyimizdən imtina kimi dəyərləndirdi. Halbuki, Ermənistan “müstəqilliyinin” ilk günündən bu yolu seçdi. Bu yolun aqibəti göz qabağındadır. İqtisadiyyat dağılıb, dilənçi gününə salınmış əhali xoş güzəranı digər ölkələrdə axtarır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin jurnalistlərlə görüşlərin birində erməni müxbirinin sualını cavablandırarkən demişdi: Rusiyada daha çox erməni yaşayır, nəinki Ermənistanda. Ermənistandan qaçmaq imkanı olmayan ermənilər Rusiyada, Türkiyədə alverlə məşğul olan qohumlarının, doğmalarının göndərdiyi pul hesabına yaşayırlar. Hakimiyyətdə olanların gəlirləri isə erməni diasporunun, xarici ölkələrdəki himayədarlarının ayırdığı vəsaiti mənimsəməklə formalaşır.

- Səttar müəllim, Siz, ötəri olsa da, “müstəqilliyin” erməni variantından danışdınız. Əslində, Sizin də dolayı yolla təsdiq etdiyiniz kimi, erməni “müstəqilliyi” müstəqillik anlayışına parodiyadır.

- Ermənilərdən fərqli olaraq Azərbaycan tam müstəqillik yolunu seçib. BMT-nin 75-ci sessiyası çərçivəsində keçirilən iclasda hörmətli Prezidentimiz bir daha müstəqillik təşnəmizi bəyan etdi: “Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür”.

Soruşula bilər müstəqillik bizə nə verib? Cənab İlham Əliyevin elə bu çıxışında deyildiyi kimi: “Təqribən 30 illik müstəqillik dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur”.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.

Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına üzvlük istəyi də müstəqillik arzusundan irəli gəlmişdi. Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi müstəqil və qətiyyətli xarici siyasət  Hərəkatın üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizə nüfuz və inam yaratdı. Üzv dövlətlərlə yaratdığı əlaqələr tərəfdaşlıq münasibətlərinə əsaslandı. Münasibətlərdə qarşılıqlı hörmətə, düzgünlüyə, dəyərləndirməyə və humanizm prinsiplərinə önəm vermək xarakteri ona gətirib çıxardı ki, Hərəkatın üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısı Bakıda keçirildi, sədrlik Azərbaycana həvalə olundu. Azərbaycanın sədrliyi dövründə üstünlük veriləcək məsələlər Hərəkatın üzv dövlətlərinin, eləcə də bütün dünya dövlətlərinin qarşısında duran narahatlıq doğuran aktual və taleyüklü problemlər olub: suverenlik, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi.

Azərbaycan Respublikasının Prezidenti, Hərəkatın sədri olaraq, fəal işgüzarlıq, çeviklik və təşəbbüskarlıq göstərir. Qlobal problemlərin qarşısını almaq məqsədilə vaxtında qabaqlayıcı təkliflər irəli sürür. Yəqin ki, may ayında, İlham Əliyevin təklifi ilə Hərəkatın “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü oxucuların yadındadır. Respublikamızın Prezidentinin koronavirusun gələcək fəsadlarını əvvəlcədən görə bilməsinin nəticəsidir ki, o, Qoşulmama Hərəkatının sədri kimi, iyul ayında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu.

Bir qədər əvvəl qeyd etdiyim kimi, BMT Baş Assambleyasının iclasında Azərbaycan Respublikasının Prezidentinin cəsarətli çıxışının, dünya siyasətinin gələcək istiqamətləri barədə fikir söyləməsinin alt qatında dövlətimizin artıq nəinki regionda, hətta qlobal miqyasda söz sahiblərindən birinə çevrilməsi durur.

Əgər belə olmasaydı, Azərbaycan hələ 7-8 il əvvəl - 2012-2013-cü illərdə 155 dövlətin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməzdi. Cənab İlham Əliyev həmin illərdə Təhlükəsizlik Şurasının sədri olmaqla, bir çox dünyayüklü məsələlərin həllində həlledici sima kimi tarix yazdı.

- Siz müsahibənizin əvvəlində BMT-nin 75-ci sessiyasının son iclasının “Azərbaycan üçün gərgin və kritik məqamlarla dolu günlərə təsadüf etdiyini dediniz. Təbii ki, “gərgin və kritik” məqamlar dedikdə, Siz Ermənistan ordusunun son aylarda törətdiyi təxribatları nəzərdə tuturdunuz.

- Bəli, cənab Prezident çıxışında bu məsələyə geniş yer ayırdı. Ona verilən vaxt müqabilində Ermənistanı regionda qeyri-stabilliyin rəmzi, nümunəsi kimi təqdim etməyə macal tapdı. 182 dövlət və hökumət başçılarının onlayn qoşulduğu tədbirdə ermənilərin “torpaq iştahının” bitib-tükənmədiyini, dövlətlərarası münasibətlərdə etibarsızlığını, sürüşkənliyini əsaslı şəkildə ortaya qoydu.

Üzv dövlətləri bir daha Ermənistanın son 30 ildə dövlətimizə qarşı yeritdiyi işğalçılıq siyasəti və onun nəticələri barədə məlumatlandırdı. Xocalı faciəsini yada saldı. Bildirdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyini və ərazi bütövlüyünü güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürmüşdür. Lakin Ermənistan bu öhdəlikləri pozmuş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonu işğal etmişdir. Əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir.

Cənab İlham Əliyev dünya qarşısında bəyan etdi ki, Ermənistan ərazimizdən daha artıq torpaqlar zəbt etmək məqsədilə yeni təxribat planları hazırlayıb reallaşdırmağa cəhd göstərir. İyul ayında Tovuz rayonu istiqamətində törətdiyi və layiqincə cavabını aldığı silahlı təxribat hələlik sonuncu cəhddir.

Hadisələrin gedişi göstərir ki, bu, sonuncu cəhd olmaya da bilər. Çünki Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Azərbaycan Prezidenti BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı.

Əlbəttə, Azərbaycan hərbi və iqtisadi cəhətdən nə qədər qüdrətli və Ermənistanla müqayisədə qat-qat güclü olsa da, humanist, insanpərvər dəyərlər daşıyıcısıdır. Təsadüfi deyil ki, ölkəmiz artıq dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Biz qan istəmirik, biz müharibə istəmirik. Amma bizim üçün Vətən, ana torpaq qandan və candan daha əziz və müqəddəsdir. Cənab Prezident çıxışlarında dəfələrlə bu həqiqəti Ermənistanın dövlət, hökumət rəhbərlərinə xatırladıb. Danışıqları uzatmaqla, hədə-qorxu gəlməklə, terroristləri Qarabağa toplamaqla torpaqlarımızın bir qarışına da sahib çıxmaq qeyri-mümkündür. Çünki “Dağlıq Qarabağ Azərbaycandır!”.

 

Müsahibəni apardı:

Bəyalı RZAYEV,

“ÜLFƏT” qəzetinin baş redaktorunun müavini