“Çünki işçilərin hüquqlarının keşiyində duran həmkarlar ittifaqı var


Baxıldı : 79

Tarix : 2019-06-07 13:55:59


Heç kimə sirr deyil ki, həmkarlar ittifaqının gücü onun ilk təşkilatlarının fəaliyyəti ilə müəyyən edilir. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. Elə buna görə də hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (TİAHİ) tərəfindən müxtəlif layihələr, tədbirlər həyata keçirilir.

TİAHİ Salyan Rayon Komitəsi üzvlərinin mənafelərinin, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini həmişə diqqətdə saxlayır. Bu işdə kollektiv saziş və müqavilələr, yuxarı orqanlarımızın qərar və tövsiyələri mühüm rol oynayır.

Rayon komitəsinin sıralarında 71 təşkilat, 3659 nəfər üzv birləşir.

Rayon təhsil şöbəsi və təhsil müəssisələrinin rəhbərlikləri ilə kollektiv müqavilə bağlanmışdır. Müqavilələrdə təhsil işçilərinin əməkhaqlarının, müavinətlərin, məzuniyyətlərin ödənilməsi qaydaları, iş və istirahət vaxtı, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, gender bərabərliyi, əməyin mühafizəsinin normal təşkili və başqa öhdəliklər əksini tapmışdır.

Respublika Komitəsi və rayon təhsil şöbəsi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinin vəziyyəti ildə bir dəfə Məclisdə müzakirə olunmuş, görülən işlər haqda kollektiv qarşısında hesabat verilmişdir.

2017-2018-ci tədris ilində rayon komitəsinin iclaslarında kollektiv müqavilənin şərtlərinə əsasən 5 şəhər, 10 kənd tam orta məktəbində işçilərin məzuniyyət hüququndan səmərəli istifadəsinə, uşaq bağçalarında əməyin mühafizəsinin təşkilinə, peşə liseyində işçilərin sağlamlığına və tibbi müayinədən keçirilməsinə dair məsələlər müzakirə olunmuş, qərarlar qəbul edilmişdir.

Son iki ildə 131 nəfər təhsil işçisi təyinatla rayona gəlmiş, onlarla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Gələnlərin 90 %-i gənclərdir. Tərəfdaşlarımızla birgə yaratdığımız komissiya həmin gənc müəllimlərin məişət şəraiti ilə tanış olmuş, ehtiyacı olanlara maddi və mənəvi köməklik göstərmişdir. 113 nəfər müəllimin, 65 yaşla əlaqədar, əmək müqaviləsinə xitam verilmiş, onlar təntənəli surətdə yola salınmışlar.

Kollektiv müqavilədə nəzərdə tutulduğu kimi, təhsil işçilərinin iştirakı ilə idman yarışları, fənn və inşa müsabiqələri, ekskursiyalar təşkil olunur.

Aztəminatlı təhsil işçilərinə, xəstələrə, cərrahiyyə əməliyyatı olunanlara maddi yardım göstərilir. Uşaq və qocalar evlərinə, hərbi hissələrə baş çəkirik, onlara müxtəlif geyim və ərzaq aparırıq.

Əmək Məcəlləsinin 294-cü maddəsinə və Respublika Komitəsinin tövsiyələrinə əsasən, xidmətimizdə olan bütün ilk təşkilatların nəzdində fərdi əmək mübahisələrinə baxan komissiya yaradılmışdır.

Əmək Məcəlləsinin və kollektiv müqavilənin tələblərinə əsasən, işəgötürənin təşəbbüsü ilə heç bir işçinin əmək müqaviləsinə qanunsuz xitam verilməmişdir.

Çünki işçilərin hüquqlarının keşiyində duran həmkarlar ittifaqı var.

 

Yaqut ƏLƏSGƏROVA,

TİAHİ Salyan Rayon Komitəsinin sədri