Dəbdəbəli qəbirüstü abidələrin sonu çatır


Baxıldı : 256

Tarix : 2015-12-19 05:13:00


Respublikamızda rəhmətə gedən şəxslərə dəbdəbəli qəbirüstü abidələrin qoyulması ilə bağlı məsələ zaman-zaman gündəmə gəlib. Bu gün də şəhərin istənilən qəbiristanlığında müxtəlif ölçüdə və şəkildə dəbdəbəli və bahalı başdaşlarına rast gəlmək olur. Bir çoxları bunu vəfat etmiş yaxınlarına hörmət əlaməti olaraq etdiklərini düşünür. Hətta bəzi qəbirüstü abidələr dəbdəbəli sarayı xatırladır. Əksər qəbirlərin üstündə qara və ağ mərmər, qranit daşlardan uca heykəllər, bahalı abidələr qoyulub. Bu gün ölçüsündən və sifariş verənin istəyindən asılı olaraq baş daşlarının qiyməti 200 AZN-dən başlayır və dəyişir. Qara mərmərdən hazırlanan başdaşları isə 1 200-dən başlayaraq 10 000 AZN-dək yüksələ bilir. Düzdür, İslam dinində bu cür qəbirlərin hazırlanması bəyənilməsə də, əksəriyyət bunu etməkdən nəinki çəkinmir, hətta vəfat edən yaxını üçün edəcəyi bir vəzifə sayır. Amma artıq bu məsələ də həllini tapacaq. Mətbuata açıqlama verən Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi ilə bağlı qanun layihəsi üzərində iş aparılır: \ Hazırda bununla bağlı ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir. Orta Asiya ölkələrində, Avropa ölkələrində də belə təcrübə var. Hazırda bu təcrübələri öyrənirik, məsləhətləşmələr aparırıq. Qanun layihəsində qəbirlərin ölçüləri, forması ilə bağlı bir sıra məsələlər nəzərdə tutulur. Qanunun tətbiqindən sonra kimliyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsin qəbiri eyni olacaq. Dəbdəbəli qəbir daşlarının qoyulmasına yol verilməyəcək. Həmçinin qəbiristanlıqlara nəzarət funksiyasının bələdiyyələrə verilməsi nəzərdə tutulur\ .Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri də deyir ki, qəbirüstü abidələrin qurulması ilə bağlı da vahid bir mexanizm tətbiq edilməsi müsbət olardı: \ Azərbaycan xalqının qədim adət-ənənələrində indiki formada dəbdəbəli qəbirüstü abidələrə heç vaxt rast gəlinməyib. Bu gün də qədim qəbirlərə baxsaq, sadəcə, torpağın bir qədər hündür yığılı və oraya qoyulan daş üzərində mərhumun ad və soyadının yazılmasına rast gələrik”. Xalid AZƏR