Dərman qadağası narahatlığa səbəb oldu


Baxıldı : 200

Tarix : 2016-01-09 05:00:00


Respublikamızda satılan dərman vasitələrinin tərkibinin araşdırılması və qiymətlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsi qadağan edilib. Dövriyyəsi qadağan edilən dərman seriyaları arasında Türkiyə, Hindistan, Rumıniya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus istehsalı olan dərmanlar üstünlük təşkil edir. Qadağan olunan dərmanlar arasında əhalinin daha çox istifadə etdiyi preparatların olması isə narazılığa səbəb olub. Bu arada Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması məsələsi gündəmə gəlib. Baş nazirin müavini Əli Əhmədov isə mətbuata açıqlamasında ölkəmizdə dərman istehsalı təcrübəsi olmadığından yeganə çıxış yolunun korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr qurulmasında görüb: \ Dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır. Digər tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Hazırda bu istiqamətdə işlər aparılır. İlkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq\ . Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovun sözlərinə görə, qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub: \ Uzun illərdir ki, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı həm dövlət qeydiyyatı, həm yararlılıq sertifikatı olmayan, həm də istifadə müddəti bitmiş dərman vasitələri satışdan çıxarılır. Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi adından 844 adda dərman vasitələrinə qadağanın qoyulması ilə bağlı informasiya əslində həqiqətə uyğun deyil. Belə ki, dərman vasitələri ölkəyə idxal olunan zaman seriyalar üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlamadan keçirilir. Yoxlamanın nəticəsinə uyğun olaraq əgər dərman vasitəsinin keyfiyyəti ilə bağlı problemlər aşkarlanmırsa, o zaman həmin dərman vasitəsinə yararlılıq haqqında analiz protokolu verilir. Əks halda hər hansı bir dərman vasitəsinin keyfiyyəti ilə bağlı normativ texniki sənədlərin tələblərindən kənara çıxmalar olursa, bu zaman həmin dərman vasitəsinin idxalına icazə verilmir. Qadağa isə siyahıda göstərilən dərman vasitələrinin özlərinə deyil, konkret olaraq seriyaların dövriyyəsinə qoyulub. Hazırda həmin dərman vasitələrinin digər seriyaları açıq satışda var. Onların satışında heç bir problem yoxdur və əhali rahat bir şəkildə dərmanları apteklərdən alıb istifadə edə bilər\ . Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, dövriyyədən çıxarılan dərmanlarla bağlı ictimaiyyətə öncədən açıqlama verilməli idi. Ölkəmizdə dərman istehsalına gəldikdə isə, dərmanlar ən azı Avropa standartları və beynəlxalq parametrlərə müvafiq keyfiyyətdə hazırlanmalıdır: \ Yəni dərmanların istehsalı üçün ölkəmizə müasir texnologiya və mütəxəssis lazımdır. Ola bilsin ki, artıq hansısa tanınmış firmalarla bu işdə müştərək iş qurulsun və dərman istehsalına başlanılsın. Amma bu, yenə də yaxın perspektivin işi deyil. Buna başlamaq təşəbbüsü yaxşı haldır. Məsələ burasındadır ki, istənilən başlanğıc çətin olur. Amma zaman yetişər ki, Azərbaycan Avropa standartlarına uyğun dərman istehsal edə bilər\ .Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə deyir ki, Azərbaycanda dərman istehsalı son dərəcə vacibdir: \ İstər türk şirkəti, istərsə də ölkənin öz şirkəti olsun, bu işə maraq göstərirsə vergi və gömrük güzəştləri tətbiq olunmalıdır. Əgər hazır dərman vasitəsinə və dərman hazırlamaq üçün gətirilən xammala eyni vergi tarifi tətiq olunacaqsa, bu, təbii ki, sahibkara sərf etməyəcək. Digər tərəfdən, Azərbaycanın dərman bazarı o qədər də böyük bazar deyil. Təxminən 9,5 miylon əhaliyə xidmət edən bir bazar üçün o qədər də böyük şirkətlərin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Böyük şirkətlər burada filial yarada və buradan müxtəlif ölkələrə dərman ixrac edilə bilər. Ya da bir neçə dərman istehsal edən xırda zavodlar qurmaq olar. Burada bazar münasibətləri və biznes maraqları nəzərə alınmalıdır. Amma ölkənin özündə dərman istehsal olunması son dərəcə strateji bir məsələdir. Azərbaycan da müharibə şəraitində olan bir ölkədir. İstənilən vaxt respublikamız müharibəyə başlaya bilər. Belə olan halda, təbii ki, dərman vasitələrinə olan tələbat da dəfələrlə artacaq. Buna görə də ölkədə dərman istehsalı vacibdir\ . XALİD